ABŞ-ın MADIS zenit raket-top kompleksi – TƏHLİL

ABŞ-ın MADIS zenit raket-top kompleksi – TƏHLİL

ABŞ Dəniz Piyadaları Korpusunun (DPK) 3-cü Yerüstü Hava Hücumundan Müdafiə (HHM, Ground Based Air Defence – GBAD) taborunun yerüstü hava hücumundan müdafiə batareyasından olan dəniz piyadaları 2025-ci ilin 21 aprel – 9 may tarixlərində Filippində keçiriləcək “Balikatan 25” təlimlərində yeni açılmış inteqrasiya edilmiş dəniz HHM sistemi (Marine Air Defense Integrated System – MADIS) ilə döyüş atışları keçirəcək.

“Poliqon”un ABŞ Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, MADIS, “Balikatan 25” təliminin gedişatı zamanı planlaşdırılan, müxtəlif sahələrdə birgə əməliyyatlara dair altı tədbirdən (Combined Joint All-Domain Operations – CJADO) biri olan İnteqrasiya edilmiş Hava Hücumundan və Raket Əleyhinə Müdafiə (Integrated Air and Missile Defense – IAMD) tədbirinin çərçivəsində döyüş atışlarında nümayiş etdiriləcək.

Ümumi baxış

MADIS zenit raket-top kompleksinin (ZRTK) seriyalı modelinin ilk döyüş atışı üçün alınması birinci dəfə ABŞ DPK tərəfindən cari ilin yanvar ayının 11-də elan edilib.

ABŞ DPK-nın HHM sisteminin əsas komponenti olan MADIS, orta mənzilli tutma qabiliyyəti (Medium-Range Intercept Capability – MRIC) sistemi ilə birləşdirilərək qabaqcıl pilotsuz uçuş aparatları (PUA) və digər təyyarələrin yaratdığı təhlükənin qarşısını almaq üçün inkişaf etdirilir. MADIS, JLTV (Joint Light Tactical Vehicle – JLTV) yüngül taktiki avtomobili üzərində quraşdırılmış, ənənəvi hava təhdidləri olan təyyarə və helikopterləri məhv etmək üçün FIM-92 “Stinger” daşınan zenit-raket kompleksinin (DZRK) zenit idarə olunan raketləri (ZİR) və 30 mm-lik topla təchiz edilmiş MADIS Mk1 və pilotsuz hava təhdidlərinə qarşı mübarizə aparmaq üçün qabaqcıl S-diapazon RPS-62 radiolokasiya stansiyası (RLS) və komanda-idarəetmə sistemləri ilə təchiz edilmiş MADIS Mk2 olmaqla, bir-birini tamamlayan iki avtomobildən ibarətdir. Bu RLS iki nəqliyyat vasitəsi arasında koordinasiyalı müdafiə əməliyyatlarını dəstəkləməklə daxil olan hava təhdidlərini erkən aşkarlamağa, müəyyən etməyə və izləməyə imkan verir. MADIS ZRTK ilə silahlandırılmış bir zenit bölməsində eyni vaxtda hər iki növdən bir neçə avtomobil ola bilər.

Ekspedisiya bazalarını və manevr bölmələrini dəstəkləmək üçün nəzərdə tutulmuş MADIS ZRTK sabit qanadlı təyyarələr, helikopterlər, qanadlı raketlər və getdikcə daha çox yayılmış PUA-lar daxil olmaqla hava təhdidlərindən müdafiəni təmin edir.

Hava hücumundan müdafiənin gücləndirilməsi

492553616 1225893215702621 2439454196727927246 nXatırlatmaq lazımdır ki, 2000-ci illərin ortalarında ABŞ DPK “Stinger” raketləri ilə silahlanmış, HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle) yüksək hərəkətli çoxməqsədli təkərli avtomobilin şassisinə quraşdırılmış yaxın mənzilli M1097 “Avenger” özüyeriyən zenit-raket kompleksindən (ZRK) imtina etmişdi. Növbəti onilliyin ortalarında komandanlıq səhvini başa düşmüş və düşmənin tam ölçülü aviasiyası və PUA-ları ilə mübarizə apara bilən bu sinif yeni zenit kompleksi yaratmağa qərar vermişdi. Belə planların həyata keçirilməsi üçün isə MADIS proqramına start verilmişdi.

Bir neçə il ərzində MADIS layihəsi texniki şərtlərin hazırlanmasından tutmuş sınaq qoşun istismarına qədər bütün mərhələlərdən keibi. Məsələn, 2018-ci ildə sınaq MADIS sistemlərindən biri Yaxın Şərqdə yerləşdirilib və hava hədəfini uğurla vurub.

MADIS, hərtərəfli və inteqrasiya olunmuş HHM himayəsini təmin etmək üçün ən son radiolokasiya, aşkarlama və izləmə texnologiyalarını və silah sistemlərini özündə birləşdirən çevik çox sensorlu sistemdir.

Yeni ZRTK-nın seriyalı istehsalına iyirminci illərin əvvəllərində başlanıb. Bu sistemləri alan ilk bölmə 3-cü DPK Diviziyasının tərkibinə olan 3-cü Dəniz Sahili Alayı (3rd Marine Littoral Regiment və ya 3 MLR) olub. Plan onun HHM bölməsini yenidən təchiz etmək və döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirməkdən ibarət idi.

Yaxın keçmişdə 3-cü MLR-nin şəxsi heyəti yeni texnikanı mənimsəmiş və hazırda ondan müxtəlif təlimlərdə istifadə edirlər. Əvvəllər bu təlimlər yalnız ABŞ ərazisində keçirilirdisə, son vaxtlar poliqonların coğrafiyası genişlənib. MADIS məmulatları ilk dəfə olaraq xarici poliqonda beynəlxalq təlimlərə cəlb edilib.

Xarici poliqonda ilk debüt

Artıq qeyd olunduğu kimi, 2025-ci il aprelin 21-də Filippin Respublikasının poliqonlarında “Balikatan 25” irimiqyaslı birgə təlimləri başlayıb. Manevrlərə ABŞ DPK-nın bölmələri və hissələri, həmçinin Filippin DPK-nın birləşmələri cəlb olunub. Təlimlərin əsas məqsədi müxtəlif, o cümlədən kompleks tapşırıqların həllində qarşılıqlı əlaqəni məşq etməkdir.

Manevrlərdə iştirak edənlərdən biri də 3-cü MLR-nin zenit bölməsidir. O, müxtəlif avadanlıqlarla təchiz edilmiş bir neçə döyüş maşınını və onların daimi heyətlərini təqdim edib. MADIS sistemləri Filippinin təlim poliqonlarından birində yerləşdirilib və açılıb, ümumi idarəetmə sxemlərinə daxil edilib, həmçinin təlim atışlarına hazırlanıb. Plana əsasən, “Balıkatan-25” təlimləri çərçivəsində yeni ZRTK öz imkanlarını real şərtlərə mümkün qədər yaxın şəraitdə nümayiş etdirməlidir. Müxtəlif sinif və tipli PUA-lar müxtəlif hava hədəflərini simulyasiya edərək hədəf kimi istifadə olunur.

Gözlənilə bilər ki, təlimlərdən sonra ABŞ DPK bütün verilən tapşırıqların uğurla yerinə yetirilməsi barədə hesabat verəcəklər. Onun silahlandığı ZRTK təklif olunan hava hədəflərinə işləyəcək və mövcud silahlardan istifadə edərək onları məhv edəcək. Təlimlər zamanı hər hansı bir çətinlik yaranarsa, onlar haqqında danışılmayacaq, lazımi tədbirlər bağlı qapılar arxasında görüləcək.

İki ölkə arasında qarşılıqlı faydaya yönəlmiş təlimlər

Bu, ABŞ və Filippinin birgə keçirdiyi ilk hərbi dəniz və dəniz piyadaları təlimləri deyil. Bu il ABŞ tərəfi bir neçə yeni növ silah və müvafiq imkanlar nümayiş etdirir. Belə yeni məhsullardan biri də MADIS ZRTK-dir. Eyni zamanda, ABŞ təkcə texnika nümayiş etdirməklə kifayətlənmir, digər tapşırıqları da həll edir.

“Balıkatan-25” təlimi çərçivəsində ABŞ DPK ilk dəfə olaraq MADIS sistemlərinin tam döyüş işi dövriyyəsini məşq edir. Texnika uzun məsafəyə hava nəqliyyatı ilə nəql edilib, bundan sonra dərhal öz mövqelərinə göndərilib və atışa hazırlanıb. Bu təlim planı yeni ZRTK-inin potensialını mümkün qədər tam nümayiş etdirməyə imkan verir. Bundan başqa, Birləşmiş Ştatlar dost Filippinə kömək etmək üçün öz qoşunlarını lazımi texnika və silahlarla göndərmək qabiliyyətini və hazır olduğunu, eyni zamanda MADIS ZRTK-nin köməyi ilə Filippinin HHM sistemini gücləndirmək imkanını nümayiş etdirir. Bundan əlavə, təlimlərdə NMESIS (Navy Marine Expeditionary Ship Interdiction System) sahil raket kompleksi su ərazilərinin mühafizəsinin mümkünlüyünü nümayiş etdirmək üçün məhdud dərəcədə istifadə edilmişdir.

Beləliklə, beynəlxalq təlimlərdə iştirak edən bir ölkə öz texnikasını və şəxsi heyətinin bacarıqlarını yoxlayır, ikincisi isə hipotetik münaqişə şəraitində bir növ yardım zəmanəti alır. Digər sözlə desək, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.

MADIS ZRTK texniki xüsusiyyətləri

492615138 1225893219035954 8689978815380036061 nArtıq ABŞ DPK MADIS ZRTK-ni özüyeriyən variantda silahlanmaya qəbul edib. Bu kompleksin bir neçə J-LTV zirehli avtomobilində yerləşdirilməsi ZRTK-nin yeni mövqeyə hərəkətini və açılmasını asanlaşdırır. Lazım gələrsə, kompleks hava nəqliyyatı ilə daşına bilir.

Qeyd edildiyi kimi, MADIS batareyası müxtəlif funksiyaları olan iki növ texnikadan ibarətdir. Belə ki, MADIS Mk 1 zirehli maşını silahlarla təchiz edilib. MADIS Mk 2 idarəetmə vasitəsi isə öz növbəsində zenit bölməsində eyni vaxtda hər iki növdən bir neçə avtomobil ola bilər.

MADIS Mk 1 və Mk 2 döyüş maşınları tam ölçülü döyüş modulları-qüllələrlə təchiz olunub. Bu modul uzun məsafələrə atəş açmağa və müxtəlif hədəfləri vurmağa qadir olan 30 mm-lik avtomatik top daşıyır. Mk 1 avtomobilinin döyüş moduluna iki ədəd “Stinger” ZİR üçün buraxma qurğusu da quraşdırılıb. Bundan başqa, döyüş maşını radioelektron mübarizə sistemi ilə təchiz edilib ki, bu da hava hədəfləri ilə mübarizədə əlavə imkanlar yaradır. Bundan başqa, silahlar avtomatlaşdırılmış atəş idarəetmə sisteminə inteqrasiya olunub və bu, hava təhdidlərinə tez və dəqiq cavab verməyə imkan verir.

Ekspertlər vurğulayırlar ki, MADIS Mk1 modul konstruksiyaya malikdir ki, bu da onun açılmasında yüksək çeviklik təmin edir. Döyüş meydanında maksimum hərəkətliliyi təmin edən müxtəlif nəqliyyat vasitələrinə, o cümlədən yolsuzluq avtomobillərinə quraşdırıla bilər. Bu eyni modulluq fərdi komponentləri təkmilləşdirməyi asanlaşdırır ki, bu da sistemin yenilənməsi üçün vacibdir.

MADIS Mk 2 idarəetmə maşını üzərində raket daşımır, lakin “RADA Electronic Industries” şirkətinin yığcam formalı RPS-42 radiolokatoru ilə təchiz edilib. Bu radiolokator əla ayırdetmə qabiliyyətinə və uzun məsafəyə malik aktiv elektron skanetmə şəbəkəlidir (Active Electronically Scanned Array – AESA). Onlar eyni vaxtda bir neçə hədəfi izləyə və yüksək dəqiqliklə havadan gələn təhdidləri təhlükəli olmayan obyektlərdən ayıra bilirlər. Bu RLS 25-30 km-ə qədər təsir məsafəsinə malikdir ki, bu da ona bütün potensial hava hədəflərini aşkar etməyə və izləməyə, həmçinin onlar haqqında məlumatları emal etməyə və atəş vasitələrinə ötürməyə imkan verir. Hədəfi müstəqil şəkildə məhv etmək üçün 30 mm-lik avtomatik topdan istifadə olunur.

Kompleks, həmçinin zəif işıq və əlverişsiz hava şəraitində hədəfin daha dəqiq müəyyən edilməsi və daha yaxşı xüsusiyyətlərin təmin olunması üçün optik və infraqırmızı sensorlarla təchiz olunub. Həmçinin, kompleks digər bölmələrlə təkmilləşdirilmiş koordinasiyaya və situasiya haqqında məlumatlılığın artırılmasına imkan verən daha geniş rabitə və məlumat şəbəkələrinə qoşula bilir.

Döyüş tapşırığını yerinə yetirmək üçün MADIS ZRTK təyin olunmuş mövqeyə gəlir və açılır. Bundan sonra o, müstəqil olaraq hava məkanına nəzarət etməyə başlayır və ya kənardan məlumat alır. Aşkar edilmiş hədəflər onları məhv etmək üçün silah və ya raketlərdən istifadə edən, həmçinin müdaxilə yaradan döyüş maşınları arasında paylanır. Bölmədəki istənilən avtomobil hədəflərə hücum edə bilər.

İstehsalı sadə və istismarı ucuz zenit kompleksinə kompleks yanaşma

492922758 1225893249035951 2418022657384609345 nMADIS layihəsi maraqlı bir konsepsiya üzərində qurulub. Taktiki-texniki tapşırığın verilməsi zamanı ABŞ DPK bir neçə kilometr radiusda müxtəlif hava hədəfləri ilə mübarizə aparmağa qadir olan, istehsalı nisbətən sadə və istismarı ucuz olan zenit kompleksi əldə etmək istəyirdi. Bütövlükdə bütün bu vəzifələr uğurla yerinə yetirilib.

Yeni ZRTK seriyalı zirehli avtomobil bazasında qurulub və yayılmış silah növləri ilə təchiz edilib. Bundan başqa, kompleksdə lüləli və raket silahlarından istifadənin effektivliyinin asılı olduğu müasir radioelektron vasitələr inteqrasiya olunub. Bu konfiqurasiyada MADIS ZRTK sınaqlardan uğurla keçib və silahlanmaya qəbul edilməsi tövsiyə edilib. Sənaye artıq bu texnikanın istehsalına başlayıb və ABŞ DPK zenit bölmələrini yenidən təchiz etməyə başlayıb. Eyni zamanda, yeni ZRTK artıq böyük beynəlxalq təlimlərdə istifadə edilərək öz imkanlarını xarici hərbçilərə nümayiş etdirir.

Bununla belə, bütün müsbət keyfiyyətlərinə baxmayaraq, MADIS ZRTK indiki formada çatışmazlıqlardan da xali deyil. İlk növbədə silahların tərkibi diqqəti cəlb edir. Kompleksin ən uzun mənzilli silahı ən yeni və ya ən təkmil olmayan “Stinger” ZİR-dir. 30 mm-lik avtomatik top da bəzi hallarda qeyri-kafi xassələr göstərə bilər. Partlayışı idarə olunan döyüş sursatları olmadan belə bir topun effektivliyi məhdudlaşa bilər.

Səhvlər üzərində iş

Buna baxmayaraq, hətta belə bir zenit kompleksi indiki vəziyyətdə ABŞ DPK üçün olduqca uyğundur. Məsələ ondadır ki, Korpus hazırda yalnız portativ sistemlərə malik olan zenit bölmələrinin sürətlə yenidən təchiz edilməsində maraqlıdır. Yeni MADIS məmulatı bütün məhdudiyyətləri və çatışmazlıqları ilə DZRK-li dəniz piyadalarından hər cəhətdən üstündür.

Təxminən 20 il əvvəl DPK ciddi səhvə yol vermiş, lakin sonra onu düzəltməyə çalışmışdır. Bir müddət əvvəl bu cəhdlər istənilən nəticələrə gətirib çıxarmış və HHM bölmələrinin tam miqyaslı yenidən silahlanmasına başlanılmışdır. Hazırda yalnız ayrı-ayrı bölmələr yenidən təchiz olunub və onlar üçün məhdud sayda yeni ZRTK istehsal edilib. DPK-nin bu cür texnikalara olan ümumi ehtiyacları hələ açıqlanmayıb, lakin onların ödənilməsi üçün bir neçə il lazım olacağı aydındır.

Bununla belə, MADIS ZRTK müasir aşkarlama texnologiyalarını, güclü atəş dəstəyini və yüksək modulluğu birləşdirən hərtərəfli hava hücumundan müdafiə sistemidir. O, xüsusi olaraq mövcud qısa mənzilli hava hücumundan müdafiə taborlarını modernləşdirmək, eləcə də ABŞ Dəniz Piyadaları Korpusunu cari və gələcək hava təhlükələrinə qarşı çıxmaq üçün lazımi imkanlarla təmin etmək üçün nəzərdə tutulub.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS