ABŞ Ordusu HHM-ni yeni RLS və tutucu raketlərlə gücləndirir

ABŞ Ordusu HHM-ni yeni RLS və tutucu raketlərlə gücləndirir

ABŞ Ordusu 2024-cü ildə hava hücumundan müdafiəni (HHM) yeni radiolokasiya stansiyaları (RLS) və zenit-raket kompleksləri (ZRK) ilə gücləndirəcək.

“Poliqon” “Army Times” nəşrinə istinadən xəbər verir ki, bunun üçün ABŞ Müdafiə Nazirliyi 2024-cü ildə yeni RLS və ZRK sifariş edəcək.

Bildirilib ki, ilk növbədə, “Patriot PAC-3” ZRK yeni LTAMDS RLS alacaq ki, bu da hədəfin aşkarlanması və izlənməsində daha yaxşı imkanlar təmin edəcək. Bundan başqa, ZRK-nin MIM-104D/E raketlərindən istifadə variantında, RLS təkmilləşdirilmiş element bazasından və aktiv fazalı antena şəbəkəsindən istifadə etməklə eyni vaxtda havada daha çox sayda hədəflərin vurulmasını təmin edəcək.

Xatırladaq ki, RLS-in inteqrasiya işləri 2023-cü ilin noyabrında başa çatıb. Həmin dövrdə bildirmişdi ki, mövcud “Patriot” RLS-ni əvəz edəcək RLS sınaqda qanadlı raket təhlükəsinin məhv olunmasını təmin edib. Ən son LTAMDS (Lower Tier Air and Missile Defense Sensor) RLS ABŞ Ordusunun təkmilləşdirilmiş hava və raketdən müdafiə strategiyasının əsas komponentidir. LTAMDS bütün istiqamətlərdən gələn ballistik raketləri və digər təhdidləri aşkar edərək məhv edə bilir. Sınaqlar zamanı LTAMDS qanadlı raketin sürətini və manevr qabiliyyətini təqlid edən mərmini aşkar etmiş və izləmişdir.

RLS-in sensoru məlumatları bütün HHM kompleksinin “beyni” kimi fəaliyyət göstərən Ordunun İnteqrasiya edilmiş Döyüş Komandanlıq Sisteminə və ya IBCS-ə (Integrated Battle Command System) ötürür. LTAMDS hədəfi vurmaq üçün raketi tuşlayarkən IBCS “Patriot Advanced Capability-3” zenit idarə olunan raketini (ZİR) işə salır.

Aparılan sınaqlar yekunda LTAMDS sisteminin 2023-cü ilin sonunda ilkin əməliyyat qabiliyyətinə çatmasına səbəb olmuşdur.

Hazırda altı RLS quraşdırılıb və sınaqları 2024-cü ildə davam etdiriləcək. “Raytheon” şirkətinin rəsmiləri bildiriblər ki, onların 2024-cü ilin sonuna qədər tam işləmə qabiliyyətinə çatması planlaşdırılır.

Ordu HHM-nin əlavə gücləndirilməsinə isə 18 AIM-9X ZİR üçün modul buraxma qurğusu ilə təchiz edilmiş yeni IFPC ZRK-lərinin alınması ilə nail olunacaq. Qrafikə əsasən, ABŞ Ordusu 2024-cü ilin əvvəlində bu tipli 12 ZRK almalıdır.

LTAMDS təhdidləri aşkar edərkən və raketləri tuşlayarkən, Ordu həm də HHM zərbə imkanlarını, əsasən də Dolayı Atəşdən Müdafiə Qabiliyyətini (Indirect Fire Protection Capability – IFPC) vasitəsilə təkmilləşdirir.

AIM-9X raketindən istifadə edərkən maksimal atəş məsafəsi 41 km olacaq ki, bu da pilotsuz uçuş aparatlarını (PUA), döyüş təyyarələrini, eləcə də uzun mənzilli tank əleyhinə vasitələri olan helikopterləri tutmağa imkan verir. AIM-9X ZİR-dən başqa, modul buraxma qurğusu “Hellfire”, “Stinger” və “Tamir” ZİR də buraxa bilər.

Ordu, həmçinin “Patriot Advanced Capability-3” raketini əvəz edəcək ikinci tutucu proqramına başlamağı və tutucu qurğunu 2025-2030-cu illər arasında yerləşdirməyi planlaşdırır.

Xəbər verdiyimiz kimi, ABŞ Ordusu özünün yeni M-SHORAD hava hücumundan müdafiə sistemindən istifadə etməklə ilk dəfə Slovakiyada aktiv müdafiə təlimləri keçirib. Sistem Slovakiyanın dağlarında texnoloji problemlər və sərt hava şəraitində sınaqdan keçirilir. Bəzi problemlərə baxmayaraq, ABŞ hərbiçiləri sistemin səmərəli işlədiyinə inanır.

Əhəd Vahidoğlu

CATEGORIES