ABŞ Ordusu “Nora B-52 М21” haubitsasını sınaqlara cəlb edir

ABŞ Ordusu “Nora B-52 М21” haubitsasını sınaqlara cəlb edir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən ordunun ehtiyaclarını ödəməkdən ötrü təkərli özüyeriyən artilleriya qurğusu seçimi çərçivəsində 2020-ci ilin avqust ayında başladılan sınaqlara, Serbiyada istehsal olunan 155 mm-lik “Nora B-52 M21” haubitsasının sınaq mərhələsi baş tutacaq.

“Poliqon” “Defence 24” portalına istinadən xəbər verir ki, sınaqlarda iştirak etmək üçün təkərli şassi üzərində 155 mm çaplı artilleriya sistemi istehsalçıları təqdim etdikləri məmulatla birlikdə sınaqların keçirildiyi poliqona gələcəklər. Bütün müraciət edənlər ABŞ hərbi qulluqçularının iştirakı ilə ilkin sınaqlardan keçməlidirlər.

Nəticədə Amerika ordusunda silahlanmaya qəbul ediləcək sistem seçiləcək. Bununla əlaqədar olaraq, Serbiyalı mütəxəssislər ABŞ-dakı sınaqlardan öncəki son praltiki atışları yerinə yetirərək özüyeriyən haubitsanın texniki hazırlığını yoxlayıblar.

“Nora B-52 M21” özüyeriyən haubitsası, Serbiyanın Belqrad Hərbi Texniki İnstitutu tərəfindən layihələndirilmiş və “Yugoimport” konserninə daxil olan “Mürəkkəb Döyüş Sistemləri” zavodunda istehsal edilən “Nora” özüyeriyən haubitsa ailəsinin son versiyasıdır. Sistem 155 mm-lik çapa və 52 çap uzunluğa malik haubitsa ilə silahlanıb.

Baxmayaraq ki, üzərinə 152 mm-lik top da quraşdırıla bilər, özüyeriyən haubitsa NATO standartlarına cavab verir. Haubitsanln atəş tezliyi dəqiqədə altı mərmidir. Effektiv atəş məsafəsi standart atəş yığımı ilə 25 kilometr və reaktiv atəş yığımı ilə 41 kilometrdir.

Təkmilləşdirmə zamanı, digər avadanlıqlarla yanaşı, Rusiyanın “KamAZ” avtomobilinə əsaslanan orijinal şassi Almaniyanın “MAN” avtomobili ilə əvəz olunub, həmçinin atəşi avtomatik aparma sistemi tətbiq edilib.

Qeyd etmək lazımdır ki, müqayisəli sınaqlarda Serbiyanın “Nora B-52 M21” özüyeriyən haubitsası ilə yanaşı ABŞ-ın “AM General” şirkətinin “Brutus”, “BAE Systems” şirkətinin “Archer”, Fransanın “ Nexter Systems” şirkətinin “CAESAR” və İsrailin “Elbit Systems” şirkətinin “Atmos” özüyeriyən təkərli artilleriya qurğuları da iştirak edəcək.

Əhəd Əzizov

CATEGORIES
TAGS