
ABŞ Ordusu üçün ilk AMPV istehsal xəttindən çıxıb
ABŞ Ordusu üçün “BAE Systems” şirkəti tərəfindən istehsal edilən ilk Zirehli Çox Məqsədli Vasitə (Armored Multi-Purpose Vehicle- AMPV) istehsal xəttindən çıxıb.
Azeri Defence saytının bildirdiyinə görə, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.
“BAE Systems”in AMPV proqram direktoru Bill Şeehy bildirib ki, “ilk AMPV-nin çatdırılması ABŞ Ordusunda yeni və böyük bir mərhələdir”.
“AMPV gələcək müharibələrdə zirehli döyüş maşınlarının tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulur”, – deyə şirkət nümayəndəsi vurğulayıb.
Ordunun təhlükəsizlik və heyətin həyatda qalması üçün əsas prioritetlərinin nəzərə alındığı AMPV ailəsi Vyetnam müharibəsi dövründən qalan M113-lərin yerini alacaq.
AMPV ailəsinə aşağıdakı konfiqurasiyalar daxildir:
- Ümumi təyinatlı nəqliyyat vasitəsi;
- Minaatan daşıyıcısı;
- Tibbi Evakuasiya vasitəsi;
- Tibbi Müalicə vasitəsi.
AMPV qoşun sınaqları çərçivəsində 20 müxtəlif sınaqdan keçirilib və bütün tələbləri yerinə yetirib.