ABŞ ucuz kamikadze PUA axtarışındadır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ucuz, uzun mənzilli kamikadze pilotsuz uçuş aparatları (PUA) üçün sənayeyə müraciət edib.
Bu barədə “Breaking Defense” nəşri Pentaqonun Müdafiə İnnovasiyaları Bölməsinə (Defense Innovation Unit – DIU) istinadən məlumat yayıb.
Tələblərə əsasən PUA-lar susdurulmuş (disrupted, disconnected, intermittent, low-bandwidth – DDIL) peyk naviqasiya sistemində işləyə bilməlidir. Ancaq DDIL ilə uyğunlaşmaqla yanaşı, ən azı 10 kiloqram, ideal olaraq 25 kq-dan çox faydalı yük daşıyan və 50 kilometrdən çox, lakin idealda 300 km-lik uçuş məsafəsinə sahib olmalıdır.
DIU-dan bildirilib ki, onlar tender prosesi zamanı “aqressiv hərəkət etmək” niyyətindədirlər və 2025-ci il yanvarın ortalarına qədər seçilmiş şirkətlərlə müqavilə imzalamağı, bütün müqavilə maddələrini 2025-ci ilin may ayının sonuna qədər tamamlamağı planlaşdırırlar.
DIU-dan əlavə qeyd edilib ki, Pentaqonun almaq istədiyi PUA-ların sayı əvvəlcədən müəyyən edilməyib və nazirliyin bu təşəbbüsə nə qədər xərcləyəcəyi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Bundan başqa, Pentaqon tələb edir ki, PUA-lar üçüncü tərəf istehsalçılarının proqram və aparatlarından modul rejimdə tez dəyişdirmə imkanı ilə istifadə edə bilsin. Təchizatçının lisenziyasını tələb edən xüsusi interfeyslər, məlumatların formatlanması və ya aparat təminatı qadağandır.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında ABŞ Ordusu piyada qoşunlarını gücləndirmək üçün yeni Ghost X və C100 PUA-larını seçib.
ABŞ-nin “Defence News” nəşri bildirib ki, ABŞ Ordu komandanlığı Ukraynada PUA-lardan istifadə təcrübəsini öyrənməyə davam etdiyi üçün indi kiçik və “birdəfəlik” pilotsuz uçuş aparatları almağa üstünlük verir.
Ordunun Qərargah rəisi general Rendi Corc satınalmanı “təmasda transformasiya” adlandırıb, burada Ordu kommersiya baxımından mövcud olan hazır imkanları alır və sonra onları yeni inkişaflar üçün illər gözləmək əvəzinə, döyüşdə sınaqdan keçirir.
Həmçinin, 2024-cü ilin sentyabrında ABŞ-da piyada bölməsinin tərkibində ilk PUA taqımı yaradılıb. Belə ki, hazırda 101-ci hava-desant diviziyasının 21 əsgərdən ibarət komandası yeni tipli bölmələr – Ölümcül Pilotsuz Sistemlər (Lethal Unmanned Systems – LUS) taqımlarını formalaşdırılır. Bu bölmə diviziyanın ikinci briqadasının tərkibinə daxildir və o, ordunun “təmasda transformasiya” təşəbbüsünün bir hissəsi kimi yaradılıb.
Bu təcrübə artıq Böyük Britaniya Ordusunda da tətbiq edilib. Böyük Britaniya Ordusunda taqım Parrot, Skydio və Vesper helikopterləri ilə silahlandırılıb. Bunlar uçuş müddəti bir saatdan az olan kiçik, qısa mənzilli PUA-lardır. Zamanla bölmənin daha böyük pilotsuz uçuş aparatları, məsələn, “Performance Drone Works” şirkətinin C100 kimi PUA-ları ilə təchiz edilməsi planlaşdırılır. Daha kiçik pilotsuz təyyarələr daha sonra kəşfiyyat bölməsinə təhvil veriləcək.
Əhəd Vahidoğlu