ABŞ yüngül aviadaşıyıcı gəmiləri sınaqdan keçirir

ABŞ yüngül aviadaşıyıcı gəmiləri sınaqdan keçirir

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) aviadaşıyıcı gəmilər donanmasını genişləndirir. Belə ki, bu ilin aprel ayında “USS Tripoli” (LHA-7) desant gəmisindən yüngül aviadaşıyıcı qismində istifadə etməklə təlimlərin keçirilməsi planlaşdırılıb.

“Poliqon” un məlumatına görə, “Lightning Carrier” konsepsiyasını tam sınaqdan keçirmək məqsədi ilə ABŞ Dəniz Piyadaları Korpusunun (DPK) üç eskadrilyadan ibarət olan F-35B qırıcıları “USS Tripoli” (LHA-7) gəmisində cəmləşdiriləcək.

Böyük göyərtəli desant gəmilərini F-35B qırıcı təyyarəsi ilə təchiz olunmuş yüngül aviadaşıyıcıya çevirmək ideyası ilk dəfə beş il əvvəl ortaya çıxıb, lakin bu konsepsiyanın kökləri şaquli uçuş və eniş AV-8 “Harrier” VTOL döyüş təyyarələrinin müddəti onilliklərlə hesablanan istismarına bağlıdır.

Hələ 2019-cu ildə ABŞ HDQ və ABŞ DPK desant gəmisini F-35B təyyarələri ilə təchiz etmək məqsədli “Lightning Carrier” konsepsiyasını sınaqdan keçirilib. Beləliklə əldə edilən aviadaşıyıcılar donanmanın atəş gücünü artırmaq üçün əhəmiyyətli potensial təmin edəcək. Desant gəmiləri Hərbi Hava Qüvvələrini (HHQ) gücləndirmək üçün aviadaşıyıcı əməliyyat qruplarına daxil edilə və ya sağqalma qabiliyyətini və ölümcüllüyü artırmaq üçün qüvvələri paylamaq məqsədilə əlahiddə desant hazırlıq qruplarına yerləşdirilə bilər.

Nisbətən yeni “USS America” və eynitipli “USS Tripoli” gəmisi ABŞ HDQ-nin digər desant gəmiləri kimi subasan göyərtəyə malik deyil. Bunun əvəzinə, onlarda əlavə təyyarə, yanacaq və silah yerləşdirmək üçün genişləndirilmiş daxili anqarlar mövcuddur.

“Tripoli” desant gəmisinin təməli 2014-cü ilin iyununda qoyulub və “Аmeriса” sinfinin ikinci gəmisidir. Baş gəmi “USS America” LHA-6 silahlanmaya 2014-cü ilin oktyabrında qəbul edilib. Ümumilikdə 12 ədəd belə gəminin ABŞ HDQ tərəfindən silahlanmaya qəbul edilməsi planlaşdırılır. Özünün 45 700 tonluq subasma qabiliyyətinə görə “Аmeriса” sinif desant gəmiləri yüngül aviadaşıyıcılarla müqayisə olunur. Bundan başqa, bu gəmilər 257 metrlik uzun uçuş göyərtəsi ilə təchiz olunub və F-35B kimi qısa uçuş və şaquli eniş qırıcılarını daşıya bilir. ABŞ DPK komandanlığı Müdafiə Nazirliyinə bu gəmiləri rəsmi olaraq yüngül aviadaşıyıcılar kimi yenidən təsnif etməyi təklif edir, lakin indiyə qədər onlar rəsmi olaraq universal desant gəmiləri hesab edilirlər.

“Tripoli” gəmisinin uzunluğu 257 metrdən çoxdur, subasma qabiliyyəti isə 45 700 tondur. Gəminin heyəti ​​1000 nəfərdən artıqdır və onun daxili bölmələrində daha 2000 nəfərə yaxın desant yerləşdirilə bilir. Gəminin baza aviasiya qanadı 12 ədəd MV-22 konvertoplanından, 6 ədəd F-35B qırıcısından, 4 ədəd ΑH-1Z helikopterindən, 4 ədəd ΜΗ-53 helikopterindən və 3 ədəd UΗ-1 helikopterindən ibarətdir. “USS Tripoli” yüngül aviadaşıyıcı kimi istifadə edildikdə, onun aviasiya qanadı 22 ədəd F-35B qırıcısından ibarət olacaqdır.

f 35

F-35B qırıcıları “USS America” gəmisində

desant

Desant gəmilərinin yüngül aviadaşıyıcı qismində istifadəsi zamanı qırıcıların yerləşmə sxemi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS