SərgilərXəbərlər

ADEX-2026-da Azərbaycanın müdafiə sənayesi ilk dəfə vahid milli pavilyonla təmsil olunacaq

Sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) və 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə (“Securex Caspian 2026”) həsr edilmiş mətbuat konfransı baş tutub.

“Poliqon” xəbər verir ki, Zəfər muzeyində keçirilən mətbuat konfransında Müdafiə Sənayesi Nazirliyinin (MSN) Aparat rəhbəri Samir Ağabalayev, MSN Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, MSN Aparatının Mətbuat xidmətinin sektor müdiri Nərmin Əhmədova, “Caspian Event Organisers” (CEO) şirkətinin baş direktoru Fərid Məmmədov, ADEX və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova çıxışlar ediblər.

S.Ağabalayev bildirib ki, ADEX artıq regionun ixtisaslaşmış ən böyük müdafiə sərgilərindən birinə çevrilib. Onun sözlərinə görə, sərginin Azərbaycanda müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyəti var.

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ildən etibarən keçirilən bütün ADEX sərgilərini ziyarət edib. Dövlət səviyyəsində müdafiə sənayesinə göstərilən diqqət nəticəsində bu sektor Azərbaycanın müdafiə qabiliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.

Aparat rəhbəri qeyd edib ki, ADEX-2026-da Azərbaycanın mövcud istehsal imkanlarını nümayiş etdirmək üçün Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunu ilk dəfə milli ekspozisiyaya ayrılacaq: “Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edəcək. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirəcəklər”.

MSN Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva vurğulayıb ki, ADEX-2026 və “Securex Caspian 2026” sərgilərində Türkiyə digər xarici ölkələrlə müqayisədə ən geniş təmsilçiliyə malik olacaq. Onun sözlərinə görə, builki sərgilərdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr iştirak edəcək.

G.Rzayeva xüsusilə ABŞ şirkətlərinin ADEX-2026-da iştirakının genişlənməsinə diqqət çəkərək bildirib ki, “Northrop Grumman”, SIG SAUER, “Lockheed Martin”, “Vantor” və “Ondas” sərgidə ilk dəfə iştirak edəcək.

Avropa ölkələrindən də bir sıra şirkətlər ADEX-2026-da ilk dəfə öz məhsullarını nümayiş etdirəcək. Almaniyanın “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyanın “BAE Systems” şirkətləri bu sıradadır.

Nazirlik rəsmisi Türkiyənin ADEX-2026 və “Securex Caspian 2026” sərgilərində ən geniş şirkət təmsilçiliyinə malik ölkə olacağını bildirib. Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri arasında ROKETSAN, ASELSAN, “Baykar”, TUSAŞ və HAVELSAN yer alacaq.

G.Rzayeva qeyd edib ki, Türkiyənin ROKETSAN şirkəti ADEX-2026-nın baş sponsoru, ABŞ-ın “Northrop Grumman” şirkəti isə ölkə tərəfdaşı sponsorudur.

ADEX-2026 və “Securex Caspian 2026” çərçivəsində bir sıra ölkələr məhsul və texnologiyalarını ayrıca milli ekspozisiyalar vasitəsilə təqdim edəcək. Azərbaycan, ABŞ, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan sərgilərdə milli pavilyonla təmsil olunacaq.

Mətbuat konfransında çıxış edən CEO şirkətinin baş direktorun Fərid Məmmədov bildirib ki, ADEX-2026 sərgisində bu il ilk dəfə olaraq tədbirin rəsmi merç kolleksiyası təqdim ediləcək. Xüsusi olaraq ADEX-2026 üçün hazırlanmış brendləşdirilmiş məhsullar kolleksiyası sərginin vizual üslubunun yeni elementlərindən biri olacaq. Sərginin iştirakçıları və ziyarətçiləri rəsmi merç məhsullarını tədbir günlərində bunun üçün ayrılmış xüsusi məkandan əldə edə biləcəklər.

Baş direktor ADEX-2026 çərçivəsində sərgiyə həsr olunmuş xüsusi nəşrin – “ADEX News” qəzetinin də hazırlanacağını açıqlayıb. Qəzetdə sərgidə iştirak edən şirkətlərin yeni məhsulları, texnologiyaları və innovativ həlləri barədə materialların dərc olunması nəzərdə tutulur. Nəşrdə, həmçinin sərgiyə qatılan yüksək səviyyəli qonaqlar, nümayəndə heyətlərinin üzvləri və müdafiə sənayesi üzrə mütəxəssislərlə müsahibələrə yer veriləcək.

F.Məmmədov ADEX-2026 çərçivəsində keçiriləcək ikitərəfli görüşlərin də sərginin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan dövlət qurumlarının nümayəndələri, xarici nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında aparılacaq görüşlər yeni biznes əlaqələrinin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə və birgə layihələrin müzakirəsinə şərait yaradacaq.

Bu görüşlərin uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq imkanlarının formalaşdırılmasına da töhfə verəcəyini bildirən baş direktor əlavə edib ki, ADEX-2026-nın peşəkar xarakterli sərgi olması nəzərə alınaraq, tədbirə giriş məhdud kateqoriyalar üçün nəzərdə tutulub. Sərgini hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, müdafiə və hərbi sənaye sahəsində, eləcə də əlaqəli sektorlarda çalışan mütəxəssislər ziyarət edə biləcəklər. Ali hərbi təhsil müəssisələrinin kursantları da ADEX-2026-nın ziyarətçiləri arasında olacaq.

Çıxışlar bitdikdən sonra jurnalistlərin sualları cavablandırılıb.

Daha sonra Zəfər muzeyində ekskursiya təşkil olunub.

Back to top button