Ağdərə rayonuna media-tur təşkil edilib – FOTO/VİDEO
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror əməliyatları nəticəsində ölkənin suverenliyi tam bərpa olunub. 24 saat davam edən antiterror əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxıb, tam şəkildə tərksilah olunub. Bunun davamı olaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edib, qeyri-qanuni erməni silahlı dəstələri buraxılıb, bütün silah-sursat və ağır texnikalar təhvil verilib.
“Poliqon” xəbər verir ki, dekabrın 14-də Müdafiə Nazirliyi tərəfindən antiterror əməliyatları nəticəsində azad edilən Ağdərə rayonuna media-tur təşkil edildi.
Döyüşlərin getdiyi ərazilərə təşkil olunan media-tur çərçivəsində media nümayəndələri əvvəlcə Ermənistan silahlı qüvvələri tərəfindən qurulmuş və yeddi hissədən ibarət “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinə baxış keçirdilər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlama verərək bildirdi ki, Vətən müharibəsindən sonra olduğu kimi, antiterror tədbirlərindən sonra da Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, yollarının bərpa olunması, yeni təminat yollarının çəkilməsi fəaliyyətləri davam etdirilir.
“Hazırda olduğumuz bu ərazilərdə düşmənin döyüş mövqeləri yerləşdirilmişdir. Ermənistanın mifləşdirdiyi, “Ohanyan səddi” adlandırdığı sədd bu yolun üzərindən keçirdi. Bu səddin elementləri var. Birincisi, tank əleyhinə xəndəkdir. Ondan sonra tikanlı məftillər, tank əleyhinə kirpilər və qarışıq mina sahələri gəlir. Biz ehtimal edirik ki, burada külli miqdarda qarışıq minalar – həm tank əleyhinə, həm də piyada əleyhinə minalar var.
Orada gördüyünüz sonradan bizim tərəfimizdən dağıdılmış keçmiş döyüş mövqeləridir. Xatirinizdədirsə, Müdafiə Nazirliyi (MN) tərəfindən verilən məlumatların birində qeyd edilmişdir ki, Ağdərə yolunun üzərindəki döyüş mövqeyi dağıdılaraq kommunikasiya xətti bərpa edilmişdir. Bu yol artıq istifadəyə verilib və təminat yolu olaraq istifadə edilir”, – deyə MN-nin Mətbuat Xidmətinin rəisi vurğulayıb.
Polkovnik A. Eyvazov qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən ərazidə quraşdırılan tələlərlə bağlı da məlumat verib: “Bu, kustar üsulla düzəldilmiş və partlayışa hazır əldəqayırma sursatdır. Onun altında da – torpağın altında küllü miqdarda 82 mm-lik minaatan mərmiləri quraşdırılıb”.
Daha sonra, media nümayəndələri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyətləri ilə tanış oldu, habelə mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izlədilər. Qarabağ iqtisadi rayonunda aşkarlanmış mina və partlamamış hərbi sursatların (PHS) bir qismi Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində məhv edildi.
Azərbaycan Ordusu tərəfindən aparılan minatəmizləmə fəaliyyəti ilə bağlı danışan Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov bildirdi ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Bundan başqa, təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin dekabr ayının 1-dən 12-dək ümumilikdə 1069 metr yol qar örtüyündən təmizlənib, 260 metr yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6863 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.
General-mayor A. Kərimov bildirdi ki, Qarabağ ərazisində aşkarlanan çoxlu sayda döyüş sursatlarının Mühəndis Qoşunlarının bölmələri tərəfindən Ağdərə rayonun “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi aparılır: “Onların arasında külli miqdarda partlayıcı maddələr və minalar var. Ermənistan istehsalı olan minaları xüsusi olaraq vurğulamaq istəyirəm. Ermənistan istehsalı olan, xüsusilə piyada əleyhinə minalar, müxtəlif tipli əldə hazırlanmış partlayıcı atımlar, partlatma vasitələri aşkar edilmişdir və poliqonda mərhələli şəkildə Mühəndis Qoşunlarının bölmələri tərəfindən həm partlayış üsulu ilə, həm yandırma üsulu ilə zərərsizləşdirilməsi prosesi aparılır”.
Minatəmizləmə fəaliyyətinin mürəkkəb proses olduğunu söyləyən A. Kərmiov bu əməliyyatların ANAMA-nın ümumi rəhbərliyi ilə birlikdə həyata keçirildiyini vurğuladı.
“Ərazilərin bir qismi həddən çox çirklənib. Burada həm mina sahələrindən, həm də partlamamış döyüş sursatlarından söhbət gedir. Minatəmizləmə zamanı müxtəlif vasitələrdən istifadə edirik. Bunun üçün Azərbaycan Ordusu bilirsiniz ki, qardaş Türkiyədən 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşını alıb. Onlardan istifadə olunur. Minaaxtaran itlərdən də istifadə olunur. Eyni zamanda avadanlıqlarımız artıq müasirləşdirilib və artıq əlimizdə dünyanın ən aparıcı avadanlığı var.
Təmizləmə zamanı əvvəlcə ərazinin ilkin kəşfiyyatı, bundan sonra ərazi vəziyyətinin dəqiq qiymətləndirilməsi aparılır. Daha sonra qərar verilir ki, hansı üsul və vasitə ilə bu ərazilərin təmizlənməsi aparılmalıdır. Burada artıq beynəlxalq – dünya standartı səviyyəsində minatəmizləmədən söhbət gedir. Eyni zamanda sonradan bunun keyfiyyət yoxlanması həyata keçirilir və artıq həmin əraziyə doğrudan da təmizlənməsi ilə bağlı hüquqi şəkildə qiymət verilir”, – deyə MN-nin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi bildirib.