
AK-203 avtomatları Hindistan polisinə təklif olunur
Hindistanda fəaliyyət göstərən “Indo-Russian Rifles Private Limited” (IRRPL) birgə müəssisəsi ölkənin Kerala əyalət polisinə avtomatların tədarükü üçün elan olunan tenderdə iştirak edir.
“Poliqon” “Rosoboroneksport” şirkətinə istinadən xəbər verir ki, Rusiya və Hindistanın birgə müəssisəsi olan IRRPL tenderdə ölkə polisinə AK-203 üçün avtomatlarını təklif edir.
Bildirilib ki, əgər IRRPL bu tenderdə qalib gələrsə, AK-203 avtomatları Hindistanda ikinci müştəri tərəfindən də seçilmiş olacaq.
Bundan əvvəl AK-203 avtomatları Hindistan Müdafiə Nazirliyi tərəfindən seçilib və Ordunun silahlanmasına qəbul edilib. Hazırda Hindistan Ordusu AK-203 avtomatlarını aktiv şəkildə istifadə edir.
Qeyd edək ki, AK-203 avtomatlarının istehsal olunduğu “Indo-Russian Rifles Private Limited”in təməli hələ 2007-ci ildə qoyulub və 2019-cu ildə müəssisənin açılışı barədə rəsmi məlumat paylaşılıb. Hindistanın Uttar Pradeş ştatının Ameti bölgəsindəki Korva şəhəri yaxınlığında yerləşən IRRPL birgə müəssisəsi AK-203 avtomatlarının seriyalı istehsalına 2023-cü ilin yanvar ayında başlayıb. Ötən ilin iyulunda IRRPL müəssisəsi tərəfindən 35 min ədəd AK-203 avtomatının istehsal olunaraq Hindistan Müdafiə Nazirliyinə təhvil verildiyi açıqlanıb.
7.62 mm-lik qatlanan qundaqlı AK-203 avtomatının boş daraqla birlikdə çəkisi dörd kiloqramdır. Avtomatın üzərindəki mexaniki nişangah istifadəçiyə 800 metrə qədər olan hədəfləri nişan almağa imkan verir. Bundan başqa, AK-203 avtomatının konfiqurasiyası ona müxtəlif cihazların və optik nişangahların quraşdırılmasına uyğun dizayn edilib. Dəqiqədə 700 atəş aça bilən avtomatın lüləsinin uzunluğu 415 millimetrdir.