Ali Hərbi Təyyarəçilik və Dənizçilik məktəbləri ləğv olundu
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi barədə sərəncam imzalayıb.
“AzeriDefence”nin məlumatına görə, sərəncamla Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi ləğv edilib. Bu məktəblərin bazasında quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilib.
Nazirlər Kabinetinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.