
Almaniyanın Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) Hərbi Dəniz Qüvvələri üçün yüksək enerjili lazer silah sisteminin hazırlanmasına dair Yüksək Enerjili Dəniz Lazer Nümayiş Sistemi İşçi Qrupu (ARGE HEL) ilə müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.
Bildirilib ki, ARGE HEL, “MBDA Deutschland” və “Rheinmetall Waffe Munition” şirkətlərindən ibarətdir. Hər iki şirkət bu məqsədlə hazırda birgə müəssisə yaradır. Lazer silah sisteminin 2029-cu ilə qədər istismara verilməsi planlaşdırılır.
Müqavilənin dəyəri bir neçə yüz milyon avro səviyyəsindədir və dəniz tətbiqləri üçün tam funksional sistemin hazırlanmasını əhatə edir. Buraya kəşfiyyat, hədəfin aşkarlanması və izlənməsi, həmçinin onun məhv edilməsinə qədər bütün əməliyyat zənciri daxildir. Birgə müəssisə inkişaf işləri zamanı Almaniyanın təchizat zəncirlərinə və ölkədaxili texnoloji imkanlara xüsusi önəm verir ki, bu da strateji əhəmiyyətli bu texnologiya üzrə milli suverenliyin qorunmasına xidmət edir.
Qeyd olunub ki, bir ildən artıqdır davam edən sınaq və istismar dövrü ərzində lazer silah sistemi ilə hava, dəniz və quru hədəflərinə 1000-dən çox uğurlu atış həyata keçirilib.
Təkmilləşdirilmiş şüa keyfiyyəti və hədəfi izləmə qabiliyyəti lazer enerjisinin hətta hərəkətdə olan hədəflərə belə son dərəcə yüksək dəqiqliklə yönəldilməsinə imkan verir. MBDA və “Rheinmetall” tərəfindən hazırlanan sistem lazer enerjisini cəmi bir neçə santimetr ölçüsündə sahəyə fokuslaya bilir. Çox yüksək enerji sıxlığı sayəsində hədəflər daha az lazer gücü sərf etməklə daha sürətli, daha dəqiq və daha effektiv şəkildə məhv edilir.




