Almaniya Macarıstanda “Lynx” PDM-nin istehsalına başlayıb

Almaniya Macarıstanda “Lynx” PDM-nin istehsalına başlayıb

Almaniyanın “Rheinmetall” şirkəti Macarıstanda “Lynx” piyada döyüş maşınının (PDM) istehsalına başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, ilkin mərhələdə şirkət Macarıstanda “Lynx” PDM-lərinin az miqdardakı istehsal prosesini (LRIP)  həyata keçirəcək. 2023-cü ilin iyul ayından etibarən isə geniş formada seriyalı istehsalını reallaşdıracaq.

Qeyd edək ki, həm NATO, həm də Avropa Birliyi ölkəsi olan Macarıstan “Lynx” PDM-lərinin ilk xarici sifarişçisi və istifadəçisidir. Bununla bağlı 2020-ci ilin sentyabrında şirkət və Macarıstanın Müdafiə Nazirliyi arasında dəyəri 2 milyard avrodan çox olan müqavilə imzalanıb.

Müqaviləyə əsasən “Rheinmetall” şirkəti tərəfindən Macarıstan Ordusuna 209 ədəd “Lynx” PDM-nin, 9 ədəd “Buffalo” zirehli təmir-təxliyyə və 16 ədəd yük maşınının tədarük edilməsi planlaşdırılıb. Həmçinin müqavilədə simulyatorlar, təlim, ehtiyat hissələrin çatdırılması, logistika və texniki dəstək xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

Müqavilənin ilk mərhələsində Macarıstan Ordusuna 2023-cü ilin əvvəlinə qədər 46 ədəd “Lynx” PDM-i təhvil verilməsi və bunların Almaniyada istehsal olunması planlaşdırılıb. Növbəti mərhələdə isə 172 ədəd “Lynx” təhvil veriləməsi nəzərdə tutulub ki, bunlar da Macarıstanda istehsal ediləcək.

Xatırladaq ki, “Rheinmetall” şirkəti “Lynx” PDM-nin ilk partiyasını ötən ilin oktyabrında Macarıstan Ordusuna təhvil verib.

Poliqon.az

CATEGORIES
TAGS