AMEA YT Parkının rəhbərliyi rezidentlərin fəaliyyəti ilə tanış olub
“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov texnoparkın ərazisində fəaliyyət göstərən rezident statusu almış istehsal müəssisələrin iş şəraiti, texniki potensialı, istehsal sahələri və hazır məhsulları ilə yerində tanış olmaq məqsədilə əraziyə baxış keçirib.
Bu barədə Azeri Defence saytına AMEA YT Parkından məlumat verilib.
AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri olan “AMEA Təcrübə-Sənaye Zavodu” MMC, “Elm və Texnologiya Parkı” MMC, “DN Technologies” MMC, “İNKOR” MMC və “Azeltech” MMC-nin nümayəndələri YT Parkın rəhbərliyinə görülən işlər, avanlıqlar və hazır məhsullar haqqında məlumat veriblər.
Vasif Abbasov mövcud vəziyyəti ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqların aradan qaldırılması, müasir tipli istehsalat sahəsinin yaradılması və istehsal səmərəliliyinin artırılması istiqamətində rezidentlərə öz tövsiyələrini verib.
Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkının ilk rezidenti olan “AMEA Təcrübə-Sənaye Zavodu” MMC müasir tələblərə cavab verən bir sıra yağların istehsalı ilə məşğul olur. 1974-cü ildə yaradılan zavod ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Zavodda Avropa və dünya standartlarına cavab verən sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya mövcuddur. Hazırda müəssisədə bir çox çeşiddə məhsul istehsal olunur. Bu məhsullar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub. Bunlar əsasən sürtkü yağları, müxtəlif maddələr və qatqılardır. TSZ artıq öz brendi ilə tanınır və bazarda özünə yer tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə təsis edilmiş “Elm və Texnologiya Parkı” MMC-nin hal – hazırda üzərində çalışdığı lahiyələrdən biri “Geniş təyinatlı multirotor insansız uçan aparatların (dronların) istehsalı prosesi”-dir. Multirotor insansız uçan aparatlar hal-hazırda dünya bazarında inkişaf etməkdə olan sahələrdən biridir. Layihənin məqsədi Azərbaycanda dünya standartlarına cavab verən yeni nəsil insansız uçan aparatların istehsalının təşkil edilməsidir. Dronlar müasir tipli kənd təsərrüfatı fermalarından, axtarış-xilasetmə əməliyyatlarına qədər bir çox sahələrdə istifadə edilə bilər.
Fəaliyyət istiqaməti 3D modelləmə, simulyator və robot Texnologiyaları olan “DN Technologies” MMC proqram təminatları, texnolojiyönümlü məhsulların istehsalını həyata keçirir. Müəssisənin istehsal etdiyi müxtəlif növ atıcı silahlar üçün nəzərdə tutulmuş “Virtual təlim atış simulyatoru” 100-dən çox orta təhsil müəssisələrində hərbiyə qədər çağırış otaqlarında və 50-dən çox müxtəlif güc strukturlarında şəxsi heyətin atıcılıq qabiliyyətinin yüksəldilməsi üçün nəzərdə tutulmuş tir otaqlarında quraşdırılıb, istifadəyə verilib. Müəssisə yeni məhsulların konsepti və prototipin hazırlanması üzərində mütəmadi işlər aparır.
“İNKOR” MMC-nin əsas fəaliyyət istiqaməti neft və qaz çıxarma, neft və qaz emalı, kimya sənaye sahələri və kənd təsərrüfatı üçün yüksək keyfiyyətli korroziya, duzçökmə, parafinçökmə inhibitorları, inhibitor-bakterisidləri, deemulqatorları, ərp həllediciləri, köpükəmələgətiriciləri, üzvi həllediciləri, korroziyadan mühafizə boyalarını, bitkilərin boystimullaşdırıcılarını, kompleks gübrələri, ziyanvericilərə qarşı dərman preparatlarını, mikro gübrələri, habelə kosmetik vasitələri, dərman preparatları, bituma adigeziya qatqılarını, emulqatorların istehsalını həyata keçirməsindən ibarətdir. Rəqabət qabiliyyətli və yüksək texnologiyalı məhsullar istehsal etmək məqsədi ilə AMEA-nın Neft Kimya Prosesləri İnstitutu ilə birgə tədqiqatlar aparılır.
“Azeltech” MMC radiasiya detektor qurğularının istehsalını həyata keçirir.