“Anadolu Qartalı – 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Anadolu Qartalı – 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Mayın 11-də Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma  mərasimi olub, xatirə şəkli çəkdirilib.

Sonra “Anadolu Qartalı” təlim mərkəzinin açılışı olub.

General-polkovnik Z.Həsənov və digər qonaqlar sərgidə ASELSAN və “Tubitak” şirkətlərinin nümayəndələri ilə görüşüb, nümayiş etdirilən müasir silah və avadanlıq nümunələri ilə tanış olublar.

Brifinq zalında qonaqlara “Anadolu Qartalı – 2023” taktiki-uçuş təlimində çəkilmiş görüntülər əsasında hazırlanan videoçarx təqdim olunub.

Birgə təlimlərin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib.

Brifinqdən sonra Azərbaycan və Türkiyənin müdafiə nazirləri çıxış ediblər.

General-polkovnik Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq şəhid hərbi qulluqçulara və baş verən zəlzələ nəticəsində həlak olan insanlara rəhmət diləyib.

Müdafiə naziri bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarımızın rəhbərliyi ilə uğurla davam etdirilir.

Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.

General-polkovnik Z.Həsənov Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” taktiki-uçuş və Qars şəhərində keçirilən “Heydər Əliyev – 2023” təlimlərinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini bildirib.

Sonra Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar çıxış edərək birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən cənab H.Akar bu təlimlərin hərbçilərin  təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın hər iki xalqın və ölkənin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək iştirakçılara hərbi xidmətlərində daha böyük uğurlar arzulayıblar.

Səfər çərçivəsində, həmçinin general-leytenant R.Tahirov türkiyəli həmkarı ordu generalı Atilla Gülan ilə görüşüb. Görüşdə Azərbaycan hərbçilərinin keçirilən birgə təlimlərdə qazandığı təcrübənin əhəmiyyəti qeyd edilib. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edən qonaqlar təlimlərin praktiki hissəsini, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” aviaqrupuna daxil olan F-5 tipli hərbi təyyarələrin nümunəvi uçuşlarını izləyiblər.

Tədbirin sonunda modernizasiya nəticəsində Su-25 hücum təyyarəsinə quraşdırılan yeni raketin sınaq atışı nümayiş etdirilib. Atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv edilib. Raketin effektivliyi yüksək qiymətləndirilib.

Sonda xatirə fotosu çəkdirilib.

Poliqon.az

CATEGORIES
TAGS