
ANAMA ilə MLI arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalandı.
Agentlikdən “Poliqon”a verilən məlumata görə, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Suleymanov və MLI prezidenti Perri Baltimor imzalanma mərasimində iştirak etdilər.
Razılaşmaya əsasən 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.
23 avqust tarixində “Silk Way West airlines” tərəfindən təmənnasız olaraq Azərbaycana 10 baş xüsusi yetişdirilən və təlim keçən minaaxtaran it çatdırılıb. İkinci mərhələyə əsasən cari ilin noyabr ayında ANAMA-ya növbəti 6 baş minaaxtaran it təhvil veriləcək, hal-hazırda isə onlar ABŞ-ın Texas ştatında təlimlərə cəlb olunublar.
MLI tərəfindən ianə edilmiş 8 baş minaaxtaran itin 2022-ci ilin iyun ayında və son 6 baş itin isə 2023-cü ilin iyun ayında gətirilməsi gözlənilir.
Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Cəlb olunan vəsaitlərin bir hissəsi Azərbaycanın Vaşinqtondakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Tərəfdaşların siyahısında “Pasha Bank” və “Kapital bank”; “Silk Way Group airlines” və “Anglo Asian mining” kimi donorlar mövcuddur.
Minaaxtaran itlərin işğaldan azad edilən ərazilərdə təmizləmə əməliyyatlarına cəlb edilməsi üçün beynəlxalq standartlara əsasən, akkreditasiya prosedurlarından müvəffəqiyyətlə keçməsi gərəkir.
Marşall irsi İnstitutunun prezidenti Perri Baltimor və MLI-ın Əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beyker Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət etdilər, işğaldan azad edilən ərazilərdə həyata keçirilən təmizləmə əməliyyatlarının gedişatı ilə tanış oldular.
ANAMA ilə MLI arasında qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və uğurla davam etməkdədir.