ANAMA ötən ay ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci ilin aprelində aparılan minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 2 847 807 m2 (285 ha) ərazi yoxlanılıb, 364 ədəd piyada və 148 ədəd tank əleyhinə mina, 1098 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Ümumi olaraq 2020-ci ilin noyabrın 10-dan 2021-ci il aprelin 30-a kimi aparılan minatəmizləmə əməliyyatları zamanı 20 280 727 m2 (2028 ha) ərazi yoxlanılıb, 7086 ədəd piyada və 3574 ədəd tank əleyhinə mina, 7943 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





