ANAMA sədri: İkinci Qarabağ müharibəsi bitdikdən sonra 304 nəfər mina qurbanı olub

ANAMA sədri: İkinci Qarabağ müharibəsi bitdikdən sonra 304 nəfər mina qurbanı olub

Nizamnaməyə əsasən, ANAMA-ın fəaliyyət istiqamətlərindən biri də partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin həyata keçirilməsidir.

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov POLİQON jurnalına müsahibəsində bildirib ki, bu, minatəmizləmə fəaliyyətinin çox vacib komponentidir. Çünki insanlar təhlükəni bilməli, onu dərk etməli və həmin təhlükədən qorunmalıdırlar.

“Bildiyiniz kimi, minaların partlayışı nəticəsində insanların həm yaralanması, həm də həlak olması faktları var. 2-ci Qarabağ müharibəsi bitdikdən sonra 304 nəfər mina qurbanı vardır. Təəssüflər olsun ki, onlardan 57 nəfəri həyatını itirib. Təcrübə onu göstərir ki, mina hadisələrinin qarşısının alınması üçün maarifləndirmə işləri mütləq aparılmalıdır və bu istiqamətdə genişmiqyaslı fəaliyyət icra edilir. 2-ci Qarabağ savaşından keçən dövr ərzində Agentliyin maarifləndirmə tədbirləri 410 min nəfərdən artıq insanı əhatə etmişdir. Maarifləndirmə tədbirləri həm Qarabağda bərpa-quruculuq fəaliyyətinə cəlb olunan işçiləri, həm  Böyük Qayıdış proqramı çərçivəsində geri dönən keçmiş məcburi köçkünləri, həm də məktəblərdə tədris alan şagirdləri əhatə edir”, – deyə Vüqar Süleymanov qeyd edib.

Artıq ilk məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə döndüyünü xatırladan ANAMA sədri, həmin yerlərdə görülən minatəmizləmə və maarifləndirmə işlərindən danışıb: “Birinci məskunlaşma ərazisi Zəngilan rayonunda Ağalı kəndi oldu. ANAMA tərəfindən Ağalı kəndinin 2021-ci ildə min hektardan artıq kənd və kənd ətrafı əraziləri insanların köçməsi üçün hazırlandı. Ondan sonra, Tərtər rayonunun Talış kəndinə köç oldu. Daha sonra, vətəndaşlarımız Laçın rayonununa köçürüldü. Bu yaxınlarda həm Laçın rayonun özünə, həm də orada bir sıra kəndlərə yenidən insanlar köçəcək və sözsüz ki, insanları partlayıcı sursatların təhlükəsi haqqında məlumatlandırmaq istiqamətində Agentlik tərəfindən işlər görülür.

Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi, UNICEF və ANAMA arasında üçtərəfli birgə layihəmiz var. Bu layihəyə uyğun olaraq müharibənin təsirinə məruz qalmış və işğaldan azad olunmuş ərazilərə yaxın olan 10 rayonun məktəblərində mina təhlükəsi ilə mübarizə dərsləri keçirilir. ANAMA ilə Elm və Təhsil Nazirliyi birlikdə xüsusi dərslik hazırlayıb. Metodiki Şura bunu təsdiq etdikdən sonra 45 minə yaxın dərslik çap olunub və həmin məktəblərin şagirdlərinə paylanılıb. Maarifləndirmə sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə də əməkdaşlıq edirik. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, şəhər və kəndlərdə müvafiq sahədə işarələrin quraşdırlması olduqca vacibdir.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə tərəfdaşların dəstəyi ilə 900-ə yaxın bilbord yerləşdirilib. Onlar mina təhlükəsi haqqında xəbərdaredici bilbordlardır. Həmçinin, ərazilərə “təhlükəlidir mina” xüsusi nişanları quraşdırılıb. İnsanların maarifləndirilməsində habelə radio və televiziya verlişlərindən istifadə edirik. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə və ona yaxın olan rayonlarda elektrik sərfiyyatı üçün evlərə gələn qəbzlərin arxa hissəsində xüsusi maarifləndirmə mesajları çap olunur. Bu, ANAMA-nın “Azərişıq”la birgə əməkdaşlığının nəticəsidir. Həmin regionlara yaxın olan və işğaldan azad edilmiş ərazilərin daxilindəki “Azpetrol” yanacaqdoldurma stansiyalarının da ödəmə qəbzlərinin üzərində maarifləndirici mesajlar çap olunur. Bu istiqamətdə görülən işləri genişləndirmək üçün müəyyən planlarımız var. Həm sırf ANAMA olaraq, həm də başqa qurumlarla birlikdə bu işlər davam edəcək və genişləndiriləcək”.

Poliqon.az

CATEGORIES
TAGS