Qlobal hərbi nəqliyyat təyyarələri bazarına baxış – TƏHLİL

Qlobal hərbi nəqliyyat təyyarələri bazarına baxış – TƏHLİL

Hərbi yüklərin və desantın bir yerdən başqa yerə sürətli şəkildə çatdırılmasında, həmçinin müxtəlif məqsədlərin və tapşırıqların yerinə yetirəlməsi üçün hərbi nəqliyyat təyyarələrin (HNT) mühüm rolu var. Elə buna görədir ki, dövlətlər öz silahlanmalarında 4+ və 5-ci nəsil müasir döyüş təyyarələri və müxtəlif təyinatlı helikopterlərə sahib olmaq istədikləri qədər də nəqliyyat təyyarələrinə ehtiyac duyurlar. Hərbi nəqliyyat təyyarələri bir-birindən yük götürmək, uzaq məsəfəyə daha qısa və sürətli şəkildə uçmaq, habelə yük kabinəsinin həcminə görə fərqlənirlər.

Qlobal bazara nəzər saldıqda zərurətdən və müxtəlif tapşırıqların icrası üçün hazırlanan fərqli hərbi nəqliyyat təyyarələrini görəmək mümkündür. Hazırki dövrdə Amerika, əksər Avropa, bəzi Afrika və Asiya ölkələrinin aviasiya parkında NATO standartlarına uyğun istehsal edilən hərbi nəqliyyyat təyyarələri yer alır. Keçmiş potsovet, bir çox Afrika və Asiya ölkələrinin aviasiya parkında isə Sovet standartlarındakı hərbi nəqliyyat təyyarələri üstünlük təşkil edir.

Hərbi nəqliyyat təyyarləri yük götürmək qabiliyyətindən asılı olaraq yüngül, orta, ağır və çox ağır kateqoriyalara ayrılır.

Qeyd etmək lazımdır ki, bu təyyarələrin istehsalı və istifadəsi hələ 2-ci Dünya Müharibəsindən əvvəlki dövrə təsadüf edir. O dövrdə əsasən, böyük və yükgötürmə qabiliyyəti çox olan hərbi nəqliyyat təyyarələrinin istehsalı üstünlük təşkil etsə də, sonradan müxtəlif əməliyyatların və yüklərin daşınması üçün daha kiçik həcmli və tutumlu təyyarələr də hazırlandı.

Hazırda qlobal bazarda ABŞ, Avropa və Rusiya istehsalı olan hərbi nəqliyyat təyyarələri üstünlük təşkil edir.

ABŞ şirkətləri bu sahədə hələ 2-ci Dünya Müharibəsindən əvvəl HNT-ləri istehsal etməyə başlayıb. Lakin, hazırda iki şirkət “Lockheed Martin” və “Boeing” ABŞ-da əsas hərbi nəqliyyat təyyarələri istehsalçılarıdır.

ABŞ, C-130J “Super Hercules”

herkules

C-130J “Super Hercules”

ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən YC-130 adı ilə hazırlanmağa başlayan indiki C-130 hərbi nəqliyyat təyarəsi ilk uçuşunu 1954-cü ilin avqust ayında edib. Sonradan təkmilləşdirmələrlə təyyarənin müxtəlif variantları – C-130A, C-130B, C-130E, L-100, C-130H, L-100-20, L-100-30, C-130H-30 istehsal olunub. 1996-cı ildə C-130 nəqliyyat təyarəsi ailəsinin C-130J “Super Hercules” versiyası hazırlanıb və iki il davam edən sınaqlardan sonra ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilib. ABŞ Hərbi Hava Qüvvələri, Dəniz Piyada Qoşunları ilə yanaşı Böyük Britaniya və İtaliyanın aviasiya parkında yer alan C-130J “Super Hercules” təyyarələrinin hazırda istehsalı davam edir. İstehsalçı şirkət trəfindən açıqlanan məlumatda bu təyyarələrdən son 10 ilə qədər 300 ədəd, ümumən C-130 seriyasından 2500 ədəd istehsal edildiyi və sifarişçiyə təhvil verildiyi bildirilib.

20 ton faydalı yüklə birlikdə maksimal uçuş tavanı 8000 metr olan C-130J “Super Hercules” 6706 metr hündürlükdə 660 km/saat sürətlə uçmaq qabiliyyətindədir. Təyyarənin 18 ton yüklə bir yerdə uçuş məsafəsi 4425 kilometr təşkil edir. C-130J hər biri 4700 at gücünə sahib 4 ədəd “Rolls-Royce AE 2100D3” tubovintli mühərriklə təchiz edilib. Bu günə qədər C-130 təyyarələrindən bir sıra müharibələrdə (Koreya, Əfqanıstan və s.) geniş istifadə olunub.

C-130J “Super Hercules” təyyarəsinin özünün də bir neçə: C-130J-30 “Super Hercules”; EC-130J “Commando Solo”; HC-130J “Combat King II”; HC-130J “Coast Guard”; KC-130J “Tanker”; LM-100J “Commercial Freighter”; MC-130J “Commando II” variantları var. C-130J “Super Hercules”in çoxsaylı modifikasiyalarından biri olan HC-130J “Combat King II” təyyarəsinin ilk partiyası 2012-ci ildə ABŞ HHQ-yə təhvil verilib. Bu təyyarə ABŞ Ordusunun köhnəlmiş HC-130P hərbi nəqliyyat təyyarələrini əvəz edib.

2021-ci ilin oktyabr ayında “Lockheed Martin” şirkəti ABŞ HHQ-yə, silahlanmada yer alan AC-130J “Ghostrider” təyyarəsi üçün ilk AHEL döyüş lazeri qurğusunu çatdırıb. Təyyarənin göyərtəsi də daxil olmaqla, döyüş lazeri son sınaq mərhələlərindən keçirilməkdən ötrü HHQ-yə təhvil verilib.

Bildirək ki, “Lockheed Martin” şirkəti AHEL (Airborne High Energy Laser) döyüş lazerinin xüsusiyyətlərini açıqlamır, lakin məlumdur ki, döyüş lazerinin həm yerüstü (mobillər də daxil olmaqla), həm də hava hədəflərinə qarşı istifadə edilməsi planlaşdırılır. Proqramın rəsmi saytında AC-130J təyyarəsi ilə lazerdən istifadə edərək raketlərin məhv edilməsi və avtomobilin dayandırılması nümayiş etdirilir. AC-130J “Ghostrider” təyyarəsi C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinə əsaslanan uçan artilleriya batareyasının yeni versiyasıdır. İstehsalçı tərəfindən lazer qurğusunun heyətə hədəfləri görünməz lazer şüası ilə səssizcə məhv etməyə imkan verəcəyi planlaşdırılır.

C-5 “Galaxy”

qalaksi

C-5 “Galaxy”

“Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən C-5 “Galaxy” hərbi nəqliyyat təyyarəsi C-130-dan fərqli olaraq daha ağır yüklərin daşınması üçün hazırlanıb. Bu təyyarənin hazırlanmasına səbəb isə Vyetnam müharibəsinin gedişində ABŞ-a ağır texnikaların, yüklərin, habelə helikopterlərin daşınması üçün daha çox yük tutumuna sahib olan hərbi nəqliyyat təyyarələrinə yaranan ehtiyac olub. Belə ki, 1965-ci ildə “Lockheed Martin” şirkəti Superhəcmli Nəqliyyat Təyyarəsi layihəsində qalib gəlib və C-141-dən iki dəfə artıq faydalı yükgötürmə qabiliyyətinə malik olacaq təyyarəni hazırlamağa başlayıb. Nəticədə C-141-dən 5 dəfə iri və dünyanın ən böyük HNT sırasında olan C-5 “Galaxy” hərbi nəqliyyat təyyarəsini ərsəyə gətirib.

Bu təyyarədən İsrailə, Ruandaya yardım ləvazimatlarının çatdırılmasında, Vyetnam müharibəsində və Böyük Britaniyanın Zimbabvedəki sülhməramlı missiyasını dəstəkləmək üçün keçirilən əməliyyatlarda istifadə edilib. Hazırda təyyarənin təkmilləşdirilimiş C-5M “Super Galaxy” modeli istehsal və ixrac olunur. 4 ədəd F-138-GE100 “General Electric” mühərriki ilə təchiz edilən təyyarənin maksimum yük götürmə qabiliyyəti 127 ton, qalxış ağırlığı isə 381 tondur. C-5 “Galaxy”nin yüksüz maksimum uçuş məsafəsi 11.265 km, 54 min kiloqram ağırlığındakı yüklə birlikdə isə 8890 km təşkil edir. İkisi pilot olmaqla ümumilikdə yeddi heyəti daşıya bilən təyyarənin uçuş sürəti 834 km/saatdır.

C-17 “Globemaster III”

c 17 globemaster can drop cargo and tanks looks its best when firing flares 1

C-17 “Globemaster III”

ABŞ HHQ-nin dünyanın istənilən yerinə uça və havada yanacaq doldurula bilən nəqliyyat təyyarəsi ilə bağlı başlatdığı proqramın qalibi olan “Boeing” ABŞ Ordsunun bu ehtiyacını qarşılayacaq C-17 “Globemaster III” hərbi nəqliyyat təyyarəsini istehsal edib. İlk uçuşunu 1991-ci ilin sentyabr ayında həyata keçirən təyyarənin 1995-ci ildən seriyalı istehsalı həyata keçirilib və ABŞ Ordusunun arsenalına qəbul edilib. İlk uzaq mənzilli uçuşunda C-17 “Globemaster III” ABŞ-dan Mərkəzi Asiyaya qədər olan 14816 kilometr məsafəni 19 saatdan artıq müddətdə qət edərək personalı və yükü təyin olunan mənzilə çatdırıb.

“Boeing” 2015-ci ildə C-17 “Globemaster III” təyyarələrinin istehsalını dayandırdığını açıqlayıb və elə həmin il şirkət “Long Beach”də yerləşən müəssisəsini bağlayıb. “Boeing” şirkəti istehsal müəssisəsini bağlasa da, istismarda olan C-17 “Globemaster III”lərə texniki və logistik dəstək göstərmək fəaliyyətlərini davam etdirir.

C-17 “Globemaster III” 4 ədəd F117-PW-100 (Pratt & Whitney PW2040) mühərriki ilə təchiz edilib. Maksimum uçuş ağırlığı 265 ton və uçuş tavanı 13 km olan C-17 “Globemaster III” təyyarəsi “0.77 Mach” sürətinə, eləcə də 4400 km uçuş uzaqlığına malikdir.

“Boeing” şirkəti 2014-cü ilə qədər Küveyt, Avstraliya, Kanada, Hindistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyaya cəmi 37 ədəd, ABŞ Ordusuna isə 223 ədəd olmaqla ümumilikdə 260 ədəd C-17 “Globemaster III” istehsal edərək təhvil verib. İstehsalçı şirkət 2021-ci ildə C-17 təyyarəsinin 4 milyon uçuş saatını keçdiyini açıqlayıb. “Boeing” şirkət 2021-ci ildə bu təyyarə ilə bağlı 23.8 milyard dollar təşkil edən ən böyük sifarişi isə ABŞ tərəfindən alıb. Bir neçə mərhələdən ibarət olan müqavilənin şərtinə görə “Boeing” başda ABŞ olmaqla bütün C-17 “Globmaster III” hərbi nəqliyyat təyyarəsinin istifadəçilərinə texnikanın saz və əməliyyatlara hazır vəziyyətdə saxlamılması üçün işlər həyata keçirəcək. Müddəti 10 il olan müqavilənin 2024-cü ilə qədər olan ilkin mərhələsində şirkətə işləri reallaşdırmaq üçün 3.5 milyard ABŞ dolları dəyərində maliyyə ayrılıb.

İtaliya, C-27J “Spartan”

Alenia C 27J Spartan Lithuania Air Force AN1592931

C-27J “Spartan”

İtaliyanın “Leonardo-Finmeccanica” şirkəti tərəfindən “Aeritalia” G.222 təyyarəsi əsasında hazırlanan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsi orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub. Turbovintli “Spartan” təyyarəsi “Lockheed Martin” şirkətinin C-130J “Super Hercules” təyyarəsi ilə eyni mühərrikə və texniki infrastruktura malikdir. C-27J iki ədəd “Rolls Royce” istehsalı AE2100-D2A mühərriki ilə təchiz edilib ki, bu da ona maksimum 602 km/saat sürətlə uçmaq imkanı verir. Maksimum uçuş tavanı 9144 metr, uçuş ağırlığı 31 ton, yük götürmə qabiliyyəti 11 ton olan təyyarə 46-60 personalı daşımaq qabiliyyətinə malikdir.

Çoxməqsədli nəqliyyat təyyarəsi olan C-27J “Spartan”nın “Dəniz Patrulu”, ASW (Anti-Submarine Warfare), C3ISR (Command-Control-Communications, Intelligence, Surveillance and Reconnaissance), habelə MC-27J “Multimission Aircraft” variantları mövcuddur. Hazırda hərbi təyinatlı yüklərin və personalın daşınması üçün şirkət tərəfindən müştərilərə təyyarənin C-27J “Next Generation” adlı versiyası təklif olunur.

C-27J “Spartan” təyyarəsinin ilk seriyalı istehsal partiyası 2006-cı ildə İtaliya HHQ-nin, 2007-ci ildə isə ABŞ HHQ-nin aviasiya parkına qəbul edilib. Hazırda təyyarə həm Latın Amerikası ölkələri, həm Avropa, həm də Avstraliya və ABŞ tərəfindən istifadə edilir. 2010-cu ildən bu günə qədər “Leonardo” şirkəti Avstraliya, Meksika, Peru, Slovakiya və Sloveniyaya C-27J satışını reallaşdırıb. Hindistan, İndoneziya, Boliviya, Qana və Böyük Britaniya kimi ölkələr də C-27J təyyarəsinin istifadəçiləri arasında yer alır.

Azərbaycandan C-27J təyyarəsinə böyük maraq

C 27J Spartan

C-27J “Spartan”

Qeyd edək ki, Azərbaycan da İtaliya istehsalı olan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsinə maraq göstərir. İndiyədək bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mərkəzində və İtaliya HHQ-də bu təyyarələrin sınaqlarında iştirak edib. Təyyarənin performansı yüksək qiymətləndirilib. Azərbaycan nümayəndə heyətləri ilə hazırda adıçəkilən təyyarə ilə bağlı danışıqlar davam etdirilir.

İtalyan şirkətindən hesab edirlər ki, adıçəkilən təyyarələrin Azərbaycana satışında problem yoxdur. İtaliya bununla yanaşı hazırda Azərbaycanla müdafiə sahəsində bir sıra proyektlər üzrə danışıqlar aparmaqdadır. İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, bu təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin qərb standartlarına malik təyyarələri öyrənməsində vacib rol oynaya bilər.

“Leonardo” Korporasiyasından POLİQON jurnalına verilən məlumata görə, yaxın vaxtlarda ilk C-27J “Next Generation” təyyarəsinin adı açıqlanmayan bir müştəriyə çatdırılacağı planlaşdırılır. Yeni avadanlıq, yeni aviasiya sistemi və müasir aerodinamik cihazlara sahib C-27J “Next Generation” təyyarəsinin 2021-ci ildə sınaqları tamamlanıb.

C-27J “Next Generation” təyyarəsi FANS 1/A+ datalink də daxil olmaqla yeni avionika, kabinə ekranları, hava radarı, habelə yeni radio naviqasiya, müasir peyk rabitəsi və radio rabitə imkanları, yeni kokpit və yük panelləri, Mod 5 IFF / ADS-B çıxışı, taktiki axtarış və xilasetmə sistemi, LED texnologiyalı işıqlandırma sistemi ilə təchiz olunub. Təhlükəli mühitlərdə işləmək üçün təyyarə özünü müdafiə sistemi və ballistik qoruma ilə təchiz oluna bilər.

“Leonardo” şirkətinin MC-27J “Multimission Aircraft” multimissiyalı nəqliyyat təyyarəsi C-27J seriyasının silahlandırılmış versiyasıdır. 2012-ci ildə təqdimatı keçirilən MC-27J silahlandırılmış nəqliyyat təyyarəsi idarə olunan 30 mm-lik topla təchiz olunub. “Leonardo”nun MC-27J versiyası ABŞ-ın ATK firması ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni təyyarə antiterror əməliyyatları, heyətin təxliyəsi, asimetrik təhdidlərlə mübarizə, eləcə də xüsusi təyinatlı qüvvələrin bütün standart əməliyyatlarında istifadə oluna bilər. MC-27J Kəşfiyyat, Nəzarət və İncələmə (ISR) qabiliyyətinə malikdir. Əməliyyatlarda MC-27J təyyarəsi hədəfləri təyin etməklə yanaşı, üzərindəki silah sistemləri ilə Quru Qoşunların bölmələrinə dəstək verə bilir.

“Airbus” A400M

A400M RIAT 2013 9360601998

“Airbus” A400M

Avropanın nəhəng təyyarə istehsalçısı “Airbus” şirkətinin A400M təyyarəsi 21-ci əsrdə istehsal edilən müasir hərbi nəqliyyat təyyarəsidir. A400M təyyarəsi Belçika, Fransa, Almaniya, Lüksemburq, İspaniya, Türkiyə və Böyük Britaniya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub və hazırlanması ilə bağlı işlərə 2003-cü ildən başlanılıb. 2005-ci ildə Malaziya da bu layihəyə qatılıb və A400M-in ilk uçuşu 2009-cu ildə reallaşdırılıb. Seriyalı istehsal edilən ilk A400M təyyarəsi 2013-cü ildə Fransa HHQ-nin istismarına verilib. Həmin ildən indiyədək şirkət müştərilərindən 176 ədəd A400M sifarişi alıb ki, onlarında 109 ədədi artıq sifarişçilərə çatdırılıb və əməliyyatlardə istifadə edilir. 2020-ci ildə istehsalçı şirkət Lüksenburq HHQ-yə yeddinci, Belçika HHQ-yə ilk və 2022-ci ildə Türkiyə HHQ-yə 10-cu A400M hərbi nəqliyyat təyyarəsini təhvil verib. Bundan başqa İndoneziya və Qazaxıstan hər ikisi 2021-ci ildə “Airbus” şirkəti ilə iki ədəd A400M nəqliyyat təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb.

Təyyarədən həm yüklərin, həm personalların, həm də döyüş nəqliyyat vasitələrinin daşınması üçün istifadə edilə bilər. Əlavə olaraq A400M təyyarəsi istehlakçıya havada yancaq doldurulması imkanı də təmin edir. A400M təyyarəsinin boş kütləsi 66,5 ton, maksimum yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimum kreyser sürəti 780 km/saatdır. Heyəti 2-4 nəfər olan təyyarənin maksimum yüklə uçuş uzaqlığı 3300 km təşkil edir. Təyyarə müştərilərə CH-47 “Chinook” helikopterini və çəkisi 32 tona qədər olan zirehli nəqliyyat vasitələrini, piyadaların döyüş maşınlarını daşımağa imkan verir.

A400M-ün qlobal bazarda tələb görməsinin əsas səbəblərindən biri də onun asfalt və beton döşəməli unikal zolaqlardan əlavə, həm də qumlu eniş-qalxış zolaqlarından havalanma və enmə bacarığıdır. Bununla bağlı 2016-cı ildə şirkət tərəfindən keçirilən sınaqlarda A400M uğurlu nəticələr göstərməyi bacarıb.

Türkiyənin ASFAT şirkəti A400M çoxməqsədli hərbi nəqliyyat təyyarəsinin təkmilləşdirilmə layihəsini həyata keçirir. Hazırda, ASFAT Türkiyə HHQ inventarında olan A400M nəqliyyat təyyarəsinin “retrofiyası” əməliyyatlarını davam etdirir. ASFAT və “Airbus” arasında imzalanan müqavilə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin inventarında olan ilk A400M təyyarəsinin təkmilləşdirmə prosesləri 2021-ci ilin iyul ayında tamamlanaraq təhvil verilib. 2022-ci ilin may ayında isə ASFAT Kayseridəki “Fasbat” Servis Mərkəzində təkmilləşdirilmiş ikinci A400M təyyarəsini HHQ-yə vaxtında təhvil verib.

A400M layihəsi çərçivəsində İspaniyadan kənarda bir ilk olan 2-ci Aviasiya Servis Mərkəzi Kayseridə A400M təkmilləşdirilməsi işləri aparılır. Qarşıdakı dövrdə bu mərkəzdə daha 7 ədəd A400M nəqliyyat təyyarəsinin təkmilləşdirilməsi prosesinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə ilə Türkiyə dünyada təsdiqlənmiş A400M servis, təmir və təkmilləşdirmə mərkəzinə malik 4-cü ölkə olub. Türkiyə HHQ-yə məxsus A400M təyyarələrinin təkmilləşdirilməsi əməliyyatları üçün xaricə göndərilməsinə ehtiyac qalmayıb, yenidən təchizat və texniki xidmət əməliyyatları üçün başqa ölkələrdən də Kayseriyə A400M təyyarələrinin gətirilməsi mümkün olub.

EADS CASA C-295

C295 in flight

EADS CASA C-295

“Airbus” şirkəti tərəfindən istehsal edilən çox məqsədli EADS CASA C-295 hərbi nəqliyyat təyyarəsi müxtəlif əməliyyatların yerinə yetirilməsində istifadə oluna bilər. İspaniyanın “Construcciones Aeronáuticas A. S.” (CASA) şirkəti tərfindən dizayn olunan iki turbovintli mühərrikə sahib C-295-in ilk uçuşu 1997-ci ildə baş tutub və 2001-ci ildən xidmətə daxil olub.

Təyyarənin bir çox: ISR, ASW, “Yanğınsöndürmə”, “Havadan Erkən Xəbərdarlıq” (AEW), “Tibbi evakuasiya”, “Havadan havaya yanacaq doldurma” variantları mövcuddur. C-295M modenləşdirilmiş versiyasıdır. C-295W dünyanın yüksək modifikasiyalı hərbi-nəqliyyat təyyarələrindən sayılır və ilk dəfə 2013-cü ildə ictimaiyyətə təqdim olunub.

Şirkət bu günə qədər aldığı 285 ədəd C-295 sifarişindən 200 ədəni müştərilərə təhvil verib. C-295 təyyarəsi 25-dən çox ölkənin Silahlı Qüvvələrində istifadə olunur. Bunlar arasında region ölkələrindən Qazaxıstan, Özbəkistan və Türkmənistanda var. 2019-cu ildə Qazaxıstan şirkətə növbəti C-295 sifarişi verib və bunula aviasiya parkındakı C-295-lərin sayını doqquza yüksəldib. Özbəkistan “Airbus” şirkətindən C-295W modifikasiyalı nəqliyyat təyyarəsini alıb. Mütəxəssislər bildirir ki, C-295W analoqlarından bir çox meyarlarına görə, fərqlənir. Təyyarənin ilk idxalçısı Meksika, ikinci sifarişçisi isə Özbəkistan olub.

“Airbus” şirkəti son 5 ildə ən böyük C-295 sifarişini isə 2021-ci ildə Hindastandan alıb. Ümumilikdə Hindistan HHQ-yə 56 ədəd C-295-in tədarükünü nəzərdə tutan müqavilənin şərtinə görə bu təyyarələrin ilk 16 ədədlik partiyası “Airbus” şirkətinin İspaniyanın Sevilya şəhərində yerləşən müəssisələrində istehsal edilib təhvil veriləcək. Digər 40 ədədi isə müqaviləyə əsasən Hindistanın “Tata Advanced Systems” (TASL) şirkəti tərəfindən ortaq əməkdaşlıq nəticəsində istehsal edilərək HHQ-yə çatdırılacaq.

Təyyarənin heyəti 2 nəfər, tutumu 71 personal, yükgötürmə qabiliyyəti 9250 kq, maksimal uçuş çəkisi 23.200 kq təşkil edir. C-295 təyyarəsi 2 ədəd “Pratt & Whitney Canada PW127G” turbovintli mühərriki ilə təchiz olunub.

CASA CN-235 

C-295 təyyarəsinin sələfi hesab edilən İspaniyanın CASA və İndoneziyanın IPTN şirkətləri tərəfindən istehsal olunan CASA CN-235 yüngül nəqliyyat təyyarəsi 20-dən çox ölkənin Silahlı Qüvvələrinin aviasiya parkında yer alır. Türkiyədə TUSAŞ şirkəti tərəfindən lisenziya altında istehsal olunur. CASA CN-235 təyyarəsinin ən böyük istifadəçisi də elə Türkiyədir. Türkiyənin HHQ, HDQ və Sahil Mühafizəsi Komandanlığının xidmətində 52 ədəd CN-235 yüngül hərbi nəqliyyat təyyarəsi mövcuddur.

CN-235 təyyarəsinin heyəti 2 nəfər, daşıma qabiliyyəti 44 personal, yükgötürmə limiti 5,950 kq, maksimum uçuş ağırlığı 16,500 kq təşkil edir. Kreyser sürəti 454 km/saat olan CN-235-in uçuş tavanı 7,620 metr, uçuş mənzili 5,055 km-dir. Təyyarə 2 ədəd “General Electric” CT7-9C3 turbovintli mühhərikə malikdir.

“Antonov” HNT

Sovet İttifaqının Ukrayna ərazisində yerləşən “Antonov” aviaşirkəti tərəfindən 1980-ci illərdə istehsal olunan An-124 “Ruslan” strateji HNT-si dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsidir. “Antonov” şirkəti 2004-cü ilə qədər 55 ədəd An-124 “Ruslan” təyyarəsi istehsal edib və bundan sonra istehsalı dayandırılıb. An-124 HNT “Boeing” 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yükgötürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Hazırda, An-124 yükgötürmə qabiliyyətinə görə, dünyanın ikinci ən böyük təyyarəsidir. Maksimum sürəti 865 km/saat olan təyyarənin uçuş məsafəsi 5,200 km, uçuş tavanı 12,000 metr, yükgötürmə qabiliyyəti 150,000 kq təşkil edir. Boş çəki 175,000 kq olan An-124 “Ruslan”ın maksimum qalxma çəkisi 405,000 kq-dır. Təyyarə 4 ədəd “Progress D-18T” mühərrikinə malikdir.

Antonov An 22 Antei

An-22 “Antei”

Sovet istehsalı olan An-22 “Antei” ağır turboprop nəqliyyat təyyarəsi isə dünyanın ilk geniş gövdəli və dünyanın ən böyük turboprop təyyarəsidir. Ağır və həcmli silahların, hərbi texnikanın və qoşunların uzun məsafələrə daşınması, habelə hava desant qüvvələrinin paraşütlə enməsi və endirilməsi üçün nəzərdə tutulub. Ekipajı 5-7 nəfər olan təyyarənin sərnişin tutumu yükü müşayiət edən 28 nəfər və ya 290 əsgər və ya 202 yaralı və ya 150 desantçı təşkil edir. Daşıma qabiliyyəti 80.000 kq-a qədər, boş çəki 118.727 kq, maksimum uçuş çəkisi 227.000 kq-dır. 4 ədəd 15.265 HP mühərrikinə malik təyyarənin maksimum sürət 650 km/saat, kreyser sürəti 560 km/saat, praktiki uçuş məsafəsi 5225 km-dir.

“Antonov” şirkətinin An-12 hərbi nəqliyyat təyyarəsi An-22-ə nisbətən daha az tutuma malikdir. Ekipajı 6-7 nəfər olan təyyarənin sərnişin tutumu 90 əsgər və ya 60 paraşütçü təşkil edir. Ümumilikdə 68 ədəd An-22 HNT istehsal edilib.

“Antonov” şirkətinin An-26 hərbi nəqliyyat təyyarəsi sinfinin ən çoxsaylı təyyarəsidir. 1400-ə yaxın sayda istehsal olunmuş AN-26 HNT 40-a yaxın ölkənin hərbi aviasiya parkında yer alır. Orijinal model An-24-ün modifikasiyasıdır. Yükdaşıyıcının açılmasının böyük enliyinə görə (2,4 m) və xüsusi nərdivan quraşdırılması nəticəsində rahat yükləmə həm yerdən, həm də maşın gövdəsindən mümkündür. Bu da əhəmiyyətli dərəcədə yükləmə və boşaltma işini asanlaşdırır. Ekipajı 6 nəfər olan təyyarə 38 nəfər sərnişin, yaxud xərəkdə 24 yaralı daşımaq qabiliyyətinə malikdir. Boş çəkisi 15850 kq, maksimum uçuş çəkisi 24000 kq, maksimum sürətu 540 km/saat təşkil edir.

russia Il 76MD 90A

“İlyuşin” İl-76

Sovet istehsalı olan İl-76 – “İlyuşin” konstruktor bürosu tərəfindən hazırlanmış çoxməqsədli, sabit qanadlı hərbi nəqliyyat təyyarəsidir. Təyyarə ağır və iri ölçülü yüklərin orta və uzaq məsafələrə daşınması üçün təyin olunub. 5000 kilometr məsafəni qət edə bilən təyyarənin maksimal sürəti 900 km/saatdır. İl-76 HNT 4 ədəd PNPP “Aviadvigatel” D-30KP turbofanlı mühərrik tərəfindən hərəkətə gətirilir və maksimum uçuş sürəti 850 km/saat təşkil edir. 50 ton ağırlığındakı yükləri və 140 personalı daşıya bilən təyyarənin maksimum yüklə uçuş məsafəsi 3650 km, 20 ton yüklə birlikdə isə 7300 kilometrdir. Təyyarə heyətinin sayı yeddi nəfərdir.

1974-cü ildən seriyalı istehsal olunmağa başlayan İl-76 hərbi nəqliyyat təyyarəsi həm hərbi yüklərin, həm də personalın daşınması üçün nəzərdə tutulub. İl-76 HNT-nin bir çox versiyaları mövcuddur: İl-76, İl-76D, İl-76K, İl-76LL, İl-76M, İl-76MD, İl-76MD-90, İl-76MF, İl-76PP, İl-76MD PS, İl-76T/İl-76TD və s. Bu günə qədər 900-dən çox İl-76 istehsal edilərək sifarişçilərə çatdırılıb. 40-a yaxın ölkənin inventarında yer alan İl-76 seriyalı hərbi nəqliyyat təyyarələri hazırda bir sıra Afrika, Asiya ölkələri, habelə Azərbaycan da daxil olmaqla MDB ölkələrinin HHQ-si tərəfindən istifadə olunur.

Hazırda Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası (OAK) tərəfindən təyyarənin İl-76MD-90A indeksli sonuncu versiyasının istehsalı davam edir. İl-76MD-nin modernləşdirilmiş variantı olan İl-76MD-90A-nın ilk uçuşu 2012-ci ildə baş tutub və seriyalı istehsaldan çıxan ilk təyyarə 2019-cu ildə Rusiya HHQ-nin istismarına verilib.

Təyyarə 4 ədəd PS-90A-76 turbofanlı müəhhriklə təchiz edilib ki, bu da ona 820-850 km/saat sürətlə uçmaq imkanı verir. Təyyarənin maksimum uçuş tavanı 12000 metr, uçuş mənzili 8500 km, xidmət ömrü isə 30 ildir. İl-76MD-90A-nın maksimum uçuş çəkisi 210 ton və faydalı yük daşımaq bacarığı 52 tondur. Beş nəfər şəxsi heyətə sahib olan təyyarə 126 paraşütçü və ya 145 personalı və ya xüsusi qurğularla birlikdə 114 yaralını daşımaq bacarığına malikdir.

Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası (OAK) tərəfindən hazırlanan “İlyuşin” İl-112V yüngül hərbi nəqliyyat təyyarəsinin hazırlanması ilə bağlı işlərə hələ 1994-cü ildən başlanıb. Lakin müəyyən səbəblərə görə, onun hazırlanması prosesi ləngiyib, nəticədə təyyarə ilk uçuşunu 2019-cu ildə etməli olub. Təyyarənin 2023-cü ildə xidmətə girməsi planlaşdırılır. İl-112V təyyarəsi maksimum 5 tona qədər yükü nəql etmə qabiliyyətinə malikdir. Şəxsi heyətin, silahın, yüngül hərbi texnikaların və hava desantlarının digər yüklərinin daşınması üçün nəzərdə tutulub. Çətin iqlim şəraitində fəaliyyət göstərə bilən təyyarənin kruiz sürəti 470 km/saat, maksimum yüklə birlikdə uçuş məsafəsi 1200 kilometrdir.

Rusiya Müdafiə Nazirliyi ilə OAK arasında imzalanan müqavilə əsasında hazırlanan İl-112V-lər Rusiya Ordusunda xidmət göstərən AN-26 hərbi nəqliyyat təyyarələrinin yerini alacaq.

Çin, Y-8F200WB

76011 1493863981

Y-8F200

Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkəti tərəfindən hazırlanan Y-8F200WB hərbi nəqliyyat təyyarəsi 1980-ci ildə seriyalı istehsal olunub. Y-8 təyyarəsinin dizynı ona müxtəlif əməliyyatları, tapşırıqları yerinə yetirilməyə imkan verir. Bunun üçündə çoxməqsədli təyyarənin dəniz patrulu, xilasetmə və radar dəstəyi təmin edən versiyaları hazırlanıb. Orta mənzilli təyyarə olan Y-8 4 ədəd turbofan mühərriklə təchiz edilib ki, bu da ona maksimum 20000 kiloqram yük daşımaq imkanı verir. Təyyarə 86 personalı və yüngül nəqliyyat vasitələrini daşımaq qabiliyyətinə malikdir. Çin Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan Y-8 təyyarəsi xarici ölkələrə az sayda ixrac edilib.

Yaponiya, “Kawasaki”

“Kawasaki” C-1 hərbi nəqliyyat təyyarəsi Yaponiya HHQ-nin istifadəsindəki köhnəlmiş “Curtiss C-46 Commando”nun yerini almaq üçün “Kawasaki Heavy Industries” şirkəti tərəfindən istehsal edilərək 1974-cü ildə Yaponiya HHQ-nin inventarına verilib. Qısa mənzilli nəqliyyat təyyarəsi olan C-1 qısa qalxış və eniş (STOL) etmək bacarığına sahibdir.

Təyyarə iki ədəd “Pratt and Whitney” JT8D-M-9 mühərriki ilə təchiz edilib ki, bu da ona 800 km/saat sürətlə uçmaq imkanı verir. Maksimal uçuş mənzili 1300 kilometr olan təyyarənin 23 min kiloqram yük götürmək qabiliyyəti var. Təyyarə əlavə yanacaq doldurma ilə 3353 kilometr uçuş mənzilinə sahibdir. “Kawasaki” C-1-in maksimum qalxış ağırlığı 38 min kiloqramdır. Yaponiya HHQ-nin ehtiyaclarını qarşılamaq məqsədi ilə 31 ədəd istehsal olunan “Kawasaki” C-1 heç bir ölkəyə ixrac olunmayıb.

Kawasaki C 1

“Kawasaki” C-1

“Kawasaki Heavy Industries” şikəti tərəfindən öz xidmət dövrünü başa vurmaq üzrə olan “Kawasaki” C-1-ləri əvəzləmək üçün “Kawasaki” C-2 hərbi nəqliyyat təyyarəsi istehsal edilib. Təyyarənin ilk uçuşu 2010-cu ildə reallaşdırılıb və 2016-cı ildə Yaponiya Hərbi Hava Qüvvələri tərəfindən xidmətə qəbul edilib. “Kawasaki” C-2 hərbi nəqliyyat təyarəsidə C-1 kimi iki ədəd turbovintli mühərriklə təchiz edilsə də, həm daha çox yük götürə bilmə bacarığı, həm də artırılmış uçuş mənzili cəhətdən öz sələfindən fərqlənir. Xidmətə qəbul olunandan indiyə qədər cəmi 15 ədəd “Kawasaki” C-2 hərbi nəqliyyat təyarəsi istehsal edilərək Yaponiya HHQ-yə təhvil verilib.

“Kawasaki” C-2  iki ədəd “General Electric” CF6-80C2K1F turbovintli mühərriklə təchiz edilib ki, buda ona maksimum 920 km/saat və kruiz vəziyyətdə isə 890 km/saat sürətlə uçmaq imkanı verir. 69 ton yükgötürmə qabiliyyəti olan təyyarənin maksimum qalxış ağırlığı 141 min kiloqramdır. Təyyarənin 20 ton yüklə birlikdəki uçuş məsafəsi 7200 km təşkil edir.

Ümumi nəticə olaraq demək olar ki, Ali Komandanlığın vasitəsi olan hərbi nəqliyyat təyyarələri əməliyyat və strateji enişlərin yerinə yetirilməsi, qoşunların və materialların hava yolu ilə daşınması üçün nəzərdə tutulur. Bundan başqa, hərbi nəqliyyat təyyarələri yer hədəflərinə zərbələr endirmək, elektron müharibə aparmaq və xüsusi tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir.

HNT-nin ölkənin daxilində yerləşən aviasiya bazaları var. Hərbi əməliyyatlar zamanı hərbi aviasiya birləşmələri və bölmələri əsas baza sahəsindəki aerodromlardan istifadə edir. HNT-lər bir qayda olaraq, kiçik hazırlanmış uçuş zolaqları olan aerodromlardan idarə oluna bilər.

Hərbi əməliyyatlar başlamazdan əvvəl HNT qoşunların, hərbi texnikanın, döyüş sursatının və digər materialların daşınması vəzifələrini yerinə yetirir və Hərbi Hava Qüvvələrinin hava manevrini təmin edir. Döyüşlərin başlaması ilə HNT-nin əsas vəzifəsi düşmən xətlərinin arxasına eniş etməkdir. Sonradan HNT, düşmənin arxasında yerləşən qoşunlara müxtəlif yüklərin çatdırılmasında iştirak edə bilər.

Ənənəvi olaraq, HNT ordunun mənafeyinə uyğun hərəkət edir – hava-desant qüvvələrinin enişi, habelə silahların, döyüş sursatının, maddi-texniki hissələrin çatdırılması, hərbi hissələrin operativ köçürülməsi və yaralıların təxliyəsini həyata keçirir. Hərbi nəqliyyat təyyarələri həmçinin hava kəşfiyyatı aparmağa, elektron müharibə aparmağa və başqa məqsədlər üçün istifadə etməyə hazırdır. Lazım gələrsə, hərbi nəqliyyat aviasiyası humanitar vəzifələr də daxil olmaqla müəyyən xüsusi vəzifələrin həllinə cəlb edilə bilər.

Hərbi nəqliyyat təyyarələrinin döyüş xüsusiyyətləri uzun uçuş məsafəsi, müasir uçuş və naviqasiya avadanlıqlarının olması və çox yönlülüyü ilə xarakterizə olunur. Qlobal hərbi nəqliyyat təyyarələri bazarına baxdıqda NATO ölkələrinin və keçmiş Sovet təyyarələrinin HNT-nin əsasını təşkil etdiyi müşahidə olunur. PJ

Zaur Babaşov, Elşən Abdulkərimov

Məqalə “Poliqon” hərbi-texnoloji jurnalının iyul-avqust 2022-ci il tarixli 4 (60) sayında yayımlanıb

CATEGORIES
TAGS