Qazaxıstan Silahlı Qüvvələri üçün hazırlanan PUA-ların ilk sınaqları keçirilib

Qazaxıstan Silahlı Qüvvələri üçün hazırlanan PUA-ların ilk sınaqları keçirilib

Qazaxıstan Silahlı Qüvvələrinin ehtiyacları üçün hazırlanmış pilotsuz uçuş aparatlarının (PUA) ilk sınaqları keçirilib.

“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sınaqlar Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi dairəsində yerli müəssisələrin nümayəndələrinin iştirakı ilə baş tutub.

Bildirilib ki, bu, Qazaxıstan Prezidentinin “Ədalətli Qazaxıstanın iqtisadi istiqaməti” adlı müraciətində qarşıya qoyduğu daxili müdafiə-sənaye kompleksinin inkişafı üzrə tapşırıqların həyata keçirilməsinə yönəlmiş fəaliyyətin göstəricisidir.

Bu çərçivədə Qazaxıstanın müdafiə-sənaye kompleksinə daxil olan bir neçə şirkət Müdafiə Nazirliyinin pilotsuz sistemlərin istehsalı ilə bağlı müraciətinə dərhal cavab verib.

Sözügedən sistemlərin uçuş-texniki tələblərə uyğunluğunu qiymətləndirmək üçün komissiya təyin olunub. Komissiyanın tərkibinə Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahının və Hava Hücumundan Müdafiə Qüvvələrinin Pilotsuz Aviasiya Sistemlərinin İnkişafı və İstifadəsi Departamentinin zabitləri daxil edilib.

Sınaqdan keçirilən bütün PUA-lar müasir videomüşahidə avadanlığı, sensorlar, məsafəölçənlər və termal cihazlar ilə təchiz olunub. Mütəxəssislər müxtəlif pilotsuz uçuş aparatlarına baxış keçirib. Yerli şirkətlər ordunun bütün tələb və istəklərini nəzərə almağa çalışıb.

Qeyd edilib ki, Qazaxıstanda istehsal olunan pilotsuz uçuş aparatlarının arsenala daxil edilməsi büdcə vəsaitlərinə xeyli qənaət etməyə, onların sonrakı texniki xidmət və modernləşdirilməsi problemlərini operativ həll etməyə imkan verəcək.

Sınaq başa çatdıqdan sonra komissiya üzvləri yerli PUA tərtibatçılarına təqdim olunan pilotsuz uçuş aparatlarının versiyalarını təkmilləşdirmək və əlavələr etmək üçün təkliflər verib.

CATEGORIES
TAGS