
ABŞ-ın “Lockheed Martin” şirkəti “PAC-3 Adapted Capability Effector” (PAC-3 ACE) adlı yeni tutucu raketini təqdim edib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, yeni raket geniş spektrli hava və raket təhdidlərini PAC-3 MSE raketinin vahid dəyərinin yarısından da aşağı qiymətə məhv etmək üçün hazırlanıb.
Bildirilib ki, müttəfiq ölkələrdə qısa müddətdə istifadəyə verilə biləcək PAC-3 ACE, hava hücumundan müdafiə üçün əlavə və çevik tutucu raket təqdim edəcək. Bu məqsədlə “Lockheed Martin” ABŞ və Avropa müdafiə sənayesi şirkətləri və təchizatçıları ilə əməkdaşlıq edərək ABŞ-ın qlobal müdafiə sənayesi bazasının dayanıqlığını gücləndirəcək.
Yeni raket geniş spektrli təhdidlərə qarşı məhv etmə xərclərini əhəmiyyətli dərəcədə azaldır, PAC-3 ailəsinin tanınmış etibarlılığını qoruyur və mövcud qlobal təhlükəsizlik şəraitinin tələb etdiyi daha böyük döyüş sursatı ehtiyatını təmin edir. O, eyni platformada pilotlu və pilotsuz hava hədəflərinə, qanadlı raketlərə, yaxınmənzilli və qısamənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub.




