Qazaxıstan hərbçiləri yeni “Platforma” radiolokasiya kompleksindən istifadə edir

Qazaxıstan hərbçiləri yeni “Platforma” radiolokasiya kompleksindən istifadə edir

Qazaxıstan hərbçiləri bu ölkədə keçirilən təlimdə yeni “Platforma” radiolokasiya kompleksindən istifadə ediblər.

“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “Platforma” radiolokasiya kompleksinin öyrənilməsi onun taktiki-texniki xüsusiyyətləri ilə tanış olmaqdan, artilleriya kəşfiyyatı zamanı hədəfin koordinatlarının müəyyən edilməsindən və hərəkətdə olan obyektlərin aşkarlanması rejimində atəş mövqeyində praktiki işlərdən başlayıb.

“Platforma” barəsində danışan Qazaxıstan Ordusunun polkovniki Yerlan Əlikulov bildirib ki, bu kompleks, yerüstü idarəetməni təmin edə və düşmənin artilleriya bölmələrinin koordinatlarını təyin edə bilir. Tapılan koordinatlar avtomatik olaraq komanda məntəqəsinə ötürülür.

Onun sözlərinə görə, “Platforma”nın əsas üstünlüyü günün istənilən vaxtında və düşmənin atəş mövqelərini əyani şəkildə görməyin çətin olduğu hava şəraitində işləyə bilməsidir. Kompleks həmçinin döyüş meydanının tam mənzərəsini təqdim edir.

Qeyd edək ki, yeni “Platforma” radiolokasiya kompleksi bu ilin fevralında Qazaxıstan Silahlı Qüvvələrinə təhvil verilib.

CATEGORIES
TAGS