İyunun 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
“Poliqon” xəbər verir ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.
Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.
Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.
Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.