ARMA 8×8 Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

ARMA 8×8 Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

“Otokar” şirkətinin ARMA 8×8 zirehli nəqliyyat vasitəsi ASELSAN tərəfindən həyata keçirilən YENER –  Müasir Mina Aşkarlama Sistemi layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

“Poliqon” “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Türkiyə Quru Qoşunları Komandanlığının istifadəsinə təqdim edilən zirehli texnika təchiz olunduğu xüsusi avadanlıqlar vasitəsilə əldəqayırma partlayıcı maddələrin və minaların aşkarlanması, müəyyənləşdirilməsi və işarələnməsi tapşırıqlarını yerinə yetirərək şəxsi heyətin təhlükəsizliyini ən yüksək səviyyədə saxlayır.

ASELSAN YENER sisteminin inteqrasiya olunduğu zirehli maşın ön və yan hissəsindəki mexanizmlər tərəfindən istiqamətləndirilən radar və metal detektorları ilə marşrutda mina və partlayıcı maddələrə qarşı tədbir görülməsini təmin edir.

Bildirilib ki, yeni nəsil radar alqoritmləri sayəsində fərqli torpaq tiplərində belə müxtəlif tip və ölçülərdəki təhlükələri aşkar edə bilən YENER Türkiyə Silahlı Qüvvələrinə əhəmiyyətli töhfələr verəcək.

Bu layihə üçün “Otokar” ARMA 8×8-in üstün xüsusiyyətlərini qoruyub saxlamaqla, əlavə tələblərə heç bir problem olmadan cavab verən avtomobil istehsal edib.

ARMA zirehli maşın ailəsi 2006-cı ildə hazırlanıb və 2015-ci ildə ixrac uğuru əldə edib. Zaman keçdikcə ARMA zirehli maşın ailəsinin istifadəsi geniş yayılıb və Birləşmiş Ərəb Əmirliklərinə 400 ədəd ARMA 8×8 zirehli nəqliyyat vasitəsinin satışı bu sahədə ən mühüm ixrac uğurlarından biri olub.

İstehsalçı şirkətin məlumatına görə, yüksək səviyyədə ballistik və mina mühafizəsi təmin edən zirehli monokok gövdə və müxtəlif növ missiya avadanlığı, yaxud silah sistemlərinin inteqrasiyasına imkan verən modul quruluşu ilə seçilən ARMA 8×8 müasir döyüş meydanında və sülhməramlı əməliyyatlarda orduların ehtiyaclarını ən yaxşı şəkildə qarşılayır.

“Otokar” zamanla ortaya çıxan daha çox qoruma, daha çox daxili həcm və daha böyük qüllə istifadəsi kimi tələblərə cavab vermək üçün ARMA II 8×8-i inkişaf etdirib.

ARMA II 8×8-də bir çox alt sistemi milliləşdirən “Otokar” nəqliyyat vasitəsinə yerli mühərrik inteqrasiya edib. Bu cəhətdən ARMA II Türkiyənin yerli mühərriki ilə təchiz edilmiş ilk 8×8 təkər formullu zirehli maşındır. ARMA II 8×8 müştərilərə 720 at gücündəki 12.7 litrlik Ecotorq mühərrik variantı ilə təklif olunur.

CATEGORIES
TAGS