
ASELSAN DSEI-2025 sərgisində beynəlxalq əməkdaşlıqlarını genişləndirir
Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN, Londonda keçirilən DSEI-2025 sərgisində beynəlxalq əməkdaşlıqlarını gücləndirmək istiqamətində mühüm sazişlər imzalayıb.
Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, ASELSAN, İndoneziya mərkəzli “PT Republikorp” şirkəti ilə radiostansiyaların yerli şəkildə hazırlanması və rabitə texnologiyaları sahəsində əməkdaşlığın edilməsi məqsədilə birgə müəssisə sazişi imzalayıb.
Braziliyanın AKAER şirkəti ilə isə elektro-optik, avionika, missiya sistemləri və zirehli nəqliyyat vasitələrinin modernləşdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Bundan əlavə, ASELSAN qlobal telekommunikasiya şirkəti olan “Nokia” ilə hərbi rabitə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə niyyət məktubuna imza atıb.