RegionAselsanXəbərlər

ASELSAN-ın 16 əsas fəaliyyət sahəsindən 12-si Azərbaycanda aktivdir

ASELSAN şirkətinin 16 əsas fəaliyyət sahəsinin 12-si üzrə Azərbaycanda faktiki olaraq icra edilən layihələr mövcuddur.

Bu barədə “Aselsan Bakü” şirkətinin baş direktoru Özgür Kürüm “Poliqon” jurnalına verdiyi müsahibədə bildirib.

Baş direktor vurğulayıb ki, ASELSAN-ın fəaliyyət göstərdiyi 16 əsas fəaliyyət sahəsi var: “Elektron müharibədən tutmuş rabitə, radar və komanda-idarəetmə sistemlərinə qədər ümumilikdə 16 əsas sahədə fəaliyyət göstəririk və bu sahələrin hər birinin daxilində yüzlərlə müxtəlif məhsul yer alır. Bu 16 əsas fəaliyyət sahəsinin 12-si üzrə Azərbaycanda faktiki olaraq icra olunan müqaviləli layihələrimiz mövcuddur.

Bu nöqteyi-nəzərdən baxdıqda vacib olan yalnız məhsulların sayı deyil; Azərbaycanda çox fərqli sahələrdə və müxtəlif qurumlarda məhsullarımız mövcuddur. Hətta onların bəziləri tamamilə mülki sahədə həyata keçirdiyimiz layihələrdir”.

Onun sözlərinə görə, xüsusilə hərbi sahədə qarşılıqlı işləmə qabiliyyəti böyük əhəmiyyət daşıyır. ASELSAN-ın öz imkan və qabiliyyətləri ilə inkişaf etdirdiyi və istehsal etdiyi sistemlər arasında bu baxımdan hər hansı texniki və ya əməliyyat maneəsi mövcud deyil. Bunun ən real nümunələrini Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycan Silahlı Qüvvələrinin inventarında aktiv istifadə olunan sistemlərdə açıq şəkildə görmək mümkündür.

Ö.Kürüm bildirib ki, ASELSAN-ın radarları, rabitə sistemləri, komanda-idarəetmə həlləri və silah sistemləri çox effektiv şəkildə qarşılıqlı işləmə qabiliyyəti təmin edir. Yəni sensordan əldə edilən məlumat komanda-idarəetmə sistemlərində emal oluna bilir, ASELSAN rabitə sistemləri vasitəsilə müvafiq bölmələrə ötürülə bilir və ehtiyac olduqda qərar dəstəyi mexanizmlərindən sonra atəş dəstək vasitələrinə yönləndirilə bilir. Bu inteqrasiya qabiliyyəti ASELSAN istehsalı hava hücumundan müdafiə sistemləri və digər silah sistemləri üçün də keçərlidir. Sistemlər arasında hər hansı uyğunsuzluq problemi mövcud deyil.

“ASELSAN bu qabiliyyətini yalnız öz sistemləri ilə məhdudlaşdırmır; bununla kifayətlənməyərək Türkiyədəki digər müdafiə sənayesi şirkətlərinin inkişaf etdirdiyi sistemlərlə və bəzi xarici mənşəli platformalarla da müəyyən standartlar çərçivəsində qarşılıqlı işləmə qabiliyyətini təmin edə bilir.

Məsələn, “Roketsan” və “Baykar” şirkətlərinin Azərbaycandakı layihələrində ASELSAN məhsul və sistemlərinin bu platformalar və silah sistemləri ilə inteqrasiya olunmuş formada  işlədiyini və müxtəlif elementlər arasında qarşılıqlı uyğunluğun təmin edildiyini müşahidə edirik.

Bundan əlavə, Azərbaycanın inventarında müxtəlif ölkələrdən tədarük edilmiş müxtəlif sistemlər də mövcuddur. Bu çərçivədə mövcud sistemlərin ASELSAN infrastrukturu ilə inteqrasiyası və ya ASELSAN həllərinin mövcud platforma və strukturlara uyğunlaşdırılması istiqamətində bir çox layihəni uğurla həyata keçirmişik”, – deyə baş direktor qeyd edib.

Back to top button