QuruXəbərlər

ASELSAN-ın KORKUT 25 sistemi PUA-lara qarşı atış sınağında yüksək effektivlik nümayiş etdirdi

ASELSAN şirkətinin süni intellekt dəstəkli yeni nəsil hava hücumundan müdafiə (HHM) həllərindən biri olan KORKUT 25 sistemi, həyata keçirilən atış sınaqlarında çoxsayda pilotsuz uçuş aparatını (PUA) uğurla məhv edib.

“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, sahədəki effektivliyini nümayiş etdirən KORKUT 25 HHM sistemi, xüsusilə aşağı hündürlükdə uçan və sürü halında fəaliyyət göstərən PUA təhdidlərinə qarşı hazırlanmış yeni nəsil həll kimi ön plana çıxır.

Türkiyədə keçirilən genişmiqyaslı tədbirdə 15 fərqli ölkədən 100-dən çox yüksək səviyyəli nümayəndə heyəti sahə sınaqlarını yerində izləyib. Real ssenarilər əsasında icra olunan atış sınaqlarında sistemin tam əməliyyat qabiliyyətləri birbaşa təqdim olunub.

ASELSAN-ın bu miqyasda və beynəlxalq iştirakla ilk dəfə təşkil etdiyi nümayiş KORKUT 25-in təkcə texniki imkanlarını deyil, həm də real şəraitdəki performansını açıq şəkildə ortaya qoyub. İştirakçı ölkələrin nümayəndələri sistemin xüsusilə PUA təhdidlərinə qarşı təqdim imkanları yaxından öyrənmək imkanı əldə ediblər.

Sınaq zamanı sistemin tərkibində yer alan AESA əsaslı AURA radarı vasitəsilə aşkarlanan hədəflər KORKUT 25 tərəfindən ATOM 25 ağıllı döyüş sursatı ilə havada zərərsizləşdirilib. Bu yanaşma xüsusilə kiçik və sürətli hədəflərə qarşı yüksək uğur göstəricisi təmin edib.

Sınaq prosesində yalnız kinetik məhvetmə deyil, sistemin qabaqcıl proqram təminatı və inteqrasiya imkanları da diqqət çəkib. Süni intellekt dəstəkli aşkarlama və tanıma infrastrukturu sayəsində hədəflərin təsnifatı və prioritetləşdirilməsi avtomatik şəkildə həyata keçirilib.

Bununla yanaşı, KORKUT 25 müxtəlif effektorlarla inteqrasiya oluna bilmə qabiliyyəti sayəsində çoxqatlı hava hücumundan müdafiə konsepsiyasına uyğunluğunu da sübut edib. Çətin ssenarilər altında keçirilən sınaqlarda sistemin reaksiya müddəti, dəqiqliyi və fasiləsiz işləmə qabiliyyəti xüsusi diqqət çəkib.

Real döyüş sursatı ilə icra edilən nümayişlər KORKUT 25-in əməliyyat yetkinliyini göstərməklə yanaşı, sistemə beynəlxalq marağı da artırıb. Xüsusilə PUA təhdidlərinin sürətlə yayıldığı müasir döyüş mühitində KORKUT 25-in təqdim etdiyi imkanlar iştirakçı nümayəndə heyətləri tərəfindən diqqətlə izlənilib.

ASELSAN tərəfindən istehsal edilən KORKUT 25 sistemi mini və mikro PUA təhdidlərinə qarşı hazırlanıb. Sistem böyük platformalardan çox, kiçik, sürətli və aşağı qiymətli dron hədəflərinə fokuslanır. KORKUT 25 sistemi 25 mm-lik top sistemi ilə təchiz edilib.

Sistem ATOM 25 ağıllı döyüş sursatından istifadə edir. Bu sursat hədəfə yaxınlaşdıqda havada partlayaraq qəlpə təsiri yaradır və beləliklə yüksək manevr qabiliyyətinə malik kiçik dronlara qarşı effektiv zərbə imkanı təmin edir.

Sistemdə elektro-optik sensorlar və infraqırmızı kamera infrastrukturu mövcuddur. O, radar və digər sensor sistemləri ilə inteqrasiya oluna bilir. KORKUT 25 hədəfləri avtomatik aşkarlayıb izləyə bilir.

Süni intellekt dəstəkli proqram təminatı vasitəsilə hədəf tanıma və təsnifat aparılır. Atışdan əvvəl balistik hesablamalar avtomatik yerinə yetirilir. Sistem yüksək dəqiqlik və qısa reaksiya müddəti ilə hədəfə kilidlənə bilir.

Təkərli və tırtıllı platformalara inteqrasiya edilə bilən sistem hərəkət halında da hədəf aşkarlama və məhvetmə funksiyalarını yerinə yetirmək imkanına malikdir.

KORKUT 25 həm fiziki məhvetmə, həm də funksional zərərsizləşdirmə imkanları təqdim edir və şəbəkə mərkəzli müharibə konsepsiyasına uyğun olaraq digər sistemlərlə koordinasiyalı şəkildə fəaliyyət göstərə bilir.

Back to top button