
ASELSAN istehsalı yeni sistemlər Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək
Qarşıdakı dövrdə ASELSAN istehsalı bir sıra müdafiə sistemlərinin Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi planlaşdırılır.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
“ASELSAN, yarandığı gündən etibarən müdafiə sənayesində xaricə asılılığı azaltmağa və oyun dəyişdirən texnologiyalar inkişaf etdirməyə fokuslanaraq hava hücumundan müdafiə sistemləri, radarlar, elektron müharibə, elektro-optik, avionika, komanda-idarəetmə və silah sistemləri daxil olmaqla geniş spektrdə layihələndirib istehsal etdiyi yüksək texnologiyalı məhsullarla ölkəmizə, eləcə də dost və müttəfiq ölkələrə qürur və güvən bəxş edən mühüm bir dəyərə və qlobal miqyasda tanınan bir brendə çevrilmişdir”, – deyə Z.Aktürk vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə tarixində ən böyük müdafiə sənayesi sərmayəsi olan “Oğulbəy Texnologiya Bazası”nı həyata keçirən ASELSAN-ın bu gün 95 ölkədə 100 mindən artıq məhsulu aktiv şəkildə istifadə olunmaqdadır.
O qeyd edib ki, qarşıdakı dövrdə ASELSAN istehsalı olan müxtəlif sistemlərin Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi planlaşdırılır. Bu sistemlər aşağıdakılardır:
- ALP 100-G aşağı hündürlük radarı;
- HISAR-A aşağı hündürlüklü HHM sistemi;
- SİPER uzaq mənzilli HHM sistemi;
- 35 mm-lik modernləşdirilmiş yedəyə alınan top.


