
BT-3F amfibiya zirehli transportyoru Rusiyada dövlət sınaqlarından keçirilir
Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi tərəfindən hazırlanmış BT-3F amfibiya zirehli transportyorunun prototipi hazırda dövlət sınaqlarından keçirilir.
Bu barədə “Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verib.
Bildirilib ki, BT-3F transportyoru sınaqlar zamanı təyin olunmuş taktiki-texniki xüsusiyyətləri quruda və suda, müxtəlif iqlim zonalarında təsdiqləməli, həmçinin yerində duraraq, hərəkətdə və üzmə zamanı atəş testlərindən keçməlidir.
BT-3F, “Kurqanmaşzavod” müəssisəsi və “Maşınqayırma Xüsusi Dizayn Bürosu” (SKBM) tərəfindən BMP-3 piyada döyüş maşınının bazasında yaradılıb. O, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları bölmələrinin və Quru Qoşunları bölmələrinin daşınması, həmçinin döyüş şəraitində müxtəlif iqlim şərtlərində yerə enmiş desanta atəş dəstəyi göstərilməsi üçün nəzərdə tutulub.
12.7 mm-lik topla silahlandırılan zirehli transportyor 12 tam təchizatlı personalı və iki ekipaj üzvünü daşımaq qabiliyyətinə sahibdir. BT-3F-in texniki imkanları uzaqdan idarə olunan istənilən döyüş modulunun ona quraşdırılmasına şərait yaradır.