
ASELSAN Latın Amerikasında yeni əməkdaşlıqlar qurmağı hədəfləyir
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN, LAAD-2025 sərgisində qabaqcıl sistemlərini təqdim edir.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkətin LAAD-2025-də iştirak etməkdə məqsədi Latın Amerikasının artan müdafiə və təhlükəsizlik tələblərini dəstəkləmək üçün regional tərəfdaşlıqları inkişaf etdirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaqdır.
ASELSAN sərgidə aşağıdakı məhsullarını nümayiş etdirir:
- SADAK 2T çoxlu daşıma asqısı;
- GPS/INS ilə idarə olunan TOLUN döyüş sursatı;
- GÖZDE 82 lazerlə idarə olunan tuşlama dəsti;
- LGK 82 lazer tuşlama dəsti;
- ASTELA 3710 kritik əl radioları;
- MİDAS müdaxilə aşkarlama sistemi;
- ODAKAN “CityGuard” nəzarət məhsul ailəsi;
- İctimai təhlükəsizlik həlləri.
Bunlardan başqa, şirkət Latın Amerikasında davam edən modernizasiya işlərini, müxtəlif müdafiə sahələrində xüsusi və döyüşə hazır təkmilləşdirmə qabiliyyətilərini də təqdim edir.
ASELSAN artıq Çili Quru Qoşunları üçün “Leopard 2A4” tanklarını modernizasiya etməklə və regiondakı bir neçə ölkənin sərhədlərinin mühafizəsinə töhfə verməklə öz təcrübəsini sübut edib. Yeni açılmış Santyaqo ofisi ilə ASELSAN, regionda yeni imkanlar axtarmağa davam edərək quru, hava və dəniz platformalarının istismar müddətini uzatmaq və əməliyyat hazırlığını artırmaq üçün innovativ modernizasiya proqramları təklif edir.
ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol, şirkətin LAAD-2025-də iştirakına dair fikirlərini bölüşüb. O bildirib ki, ASELSAN qlobal genişlənmə strategiyası çərçivəsində Braziliya və bütövlükdə Latın Amerikası bazarına böyük önəm verir.
“Bu nöqtədə, LAAD-ın regiondakı tərəfdaşlarımızla əlaqələri gücləndirmək üçün ideal bir platforma olacağına inanıram. Modernizasiya proqramlarından tutmuş dəqiq idarə olunan sursatlar və ictimai təhlükəsizlik texnologiyalarına qədər, döyüş meydanında sübut olunmuş sistemlərimizin regionun müdafiə və təhlükəsizlik tələblərinə effektiv şəkildə cavab verəcəyinə əminik. Regionda sənaye əməkdaşlıqları, texnologiya transferi müqavilələri və birgə inkişaf layihələrini həyata keçirməyə böyük səy göstəririk”, – deyə A.Akyol qeyd edib.