ASELSAN məhsullarını IDEX-2025 və NAVDEX-2025 sərgilərində təqdim etməyə hazırlaşır

ASELSAN məhsullarını IDEX-2025 və NAVDEX-2025 sərgilərində təqdim etməyə hazırlaşır

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN müxtəlif hərbi məhsulları ilə Əbu-Dabi şəhərində keçiriləcək IDEX-2025 və NAVDEX-2025 sərgilərində indiyə qədərki ən böyük debütünü etməyə hazırlaşır.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, IDEX sərgisində şirkətin ən son müdafiə yenilikləri təqdim olunacaq.

Bildirilib ki, bunların arasında ALKAR 100/81 artilleriya və minaatan sistemləri, ASAF 155 CCF, ASAF 155 MOFA və ATOM 25 ABM ağıllı sursatları və YENER 100-G yeraltı radarı yer alır.

ALKAR 100/81, üstün atəş dəstəyi üçün misilsiz dəqiqlik və əməliyyat çevikliyi təklif edən qabaqcıl 81 mm-lik minaatanı və atəşə nəzarət sistemləri kimi seçilir.

ASAF 155 CCF və ASAF 155 MOFA böyük çaplı, ATOM 25 ABM orta çaplı ağıllı sursatları istifadəçinin zərbə dəqiqliyini və dəyişkən döyüş meydanı şəraitinə uyğunlaşma qabiliyyətini artırır.

YENER 100-G yeraltı radar sistemi əldəqayırma partlayıcı qurğular və yol səthlərinin altındakı minalar kimi gizli təhlükələri aşkar etmək üçün nəzərdə tutulub.

NAVDEX sərgisində ASELSAN hər biri dəniz təhlükəsizliyinin inkişaf edən tələblərinə cavab vermək üçün hazırlanmış inteqrasiya olunmuş döyüş, elektron müharibə, qabaqcıl radar və təhlükəsiz rabitə sistemlərini nümayiş etdirəcək. Burada şirkətin istehsal etdiyi GÖKDENİZ, GÖKSUR, SMASH, CENK, AKREP və SERDAR sistemləri təqdim olunacaq.

Regional əməkdaşlıqlarını gücləndirən ASELSAN, “CALIDUS” şirkətinin “Wahash 8×8” nəqliyyat vasitəsinin şassisində təyyarələrə, helikopterlərə və PUA-lara qarşı effektiv qısa mənzilli hava hücumundan müdafiə (HHM) sistemi olan KORKUT 150/35 mobil HHM sistemini nümayiş etdirəcək. Bundan əlavə, ASELSAN-ın kokpit ekran həlləri “Calidus Aerospace” şirkətinin B-250 hava platformasında təqdim olunacaq.

ASELSAN, “EDGE Group” şirkətinin stendində GÖKDENİZ 100/35 yaxın HHM sistemini, ARTCom 9661 taktik radiosunu və ALP 300-G hava hücumundan müdafiə axtarış radarını, NIMR şirkətinin stendində isə “Ajban” zirehli maşınlarının üzərində SARP 100 uzaqdan idarə olunan silah sistemini nümayiş etdirəcək.

ASELSAN prezidenti və baş direktoru Ahmet Akyol şirkətin IDEX-2025 və NAVDEX-2025 sərgilərində iştirakı ilə bağlı fikirlərini bölüşüb. O, ASELSAN şirkətinin öz müasir sistem və həllərini IDEX-2025 və NAVDEX-2025 sərgilərində nümayiş etdirməkdən böyük məmnunluq duyduğunu qeyd edib: “Biz Yaxın Şərq və Körfəzi strateji əhəmiyyətli region kimi görürük, burada artıq BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Oman və İordaniyadakı ofislərimiz və törəmə şirkətlərimiz vasitəsilə yaxşı qurulmuş mövcudluğumuz var. İnanıram ki, dünyanın ilk müdafiə sərgilərindən biri olan IDEX müdafiə sənayesi ekosistemi ilə əlaqələrimizi möhkəmləndirəcək və regional əməkdaşlığımızı gücləndirəcəyik”.

alkar81

CATEGORIES
TAGS