ASELSAN YILDIRIM-100 sistemi ilə düşmən raketlərini kor edəcək
ASELSAN şirkəti 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2023) YILDIRIM-100 yönləndirilmiş infraqırmızı əks tədbir (DIRCM) sistemini ilk dəfə nümayiş etdirəcək.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, YILDIRIM-100 sisteminin hazırlanması ilə bağlı layihə Türkiyə Müdafiə Sənayesi Başqanlığının koordinasiyasında həyata keçirilir.
YILDIRIM-100 yönləndirilmiş infraqırmızı əks tədbir sistemi daşınabilən zenit-raket kompleksləri (DZRK) tərəfindən atılan raketlərin zərərsizləşdirilməsi üçün təyin olunub. O, sahib olduğu lazer sisteminin vasitəsi ilə atılan raketlərin arayıcı başlıqlarına müdaxilə edərək, onları kor edir.
ASELSAN-ın bildirdiyinə görə, YILDIRIM-100 sisteminin hazırlanmasındakı səbəb son dövrlərdə terrorçuların əlində olan ölümcül MANPAD (Man-portable air-defense) raketlərinin sayının getdikcə artmasıdır.
YILDIRIM-100-ün əsas xüsusiyyətləri:
- Çoxzolaqlı lazer çıxışı;
- UV/IR əsaslı Raket Xəbərdarlığı Sistemləri ilə uyğunluq;
- Tam qlobal mühafizəni təmin etmək üçün ikiqat qüllə konfiqurasiyası;
- Sürətli və dəqiq şəkildə təhlükənin tutulması və izlənilməsi;
- Çoxsaylı təhlükə ssenariləri altında işləmək bacarığı;
- Hədəfdə yüksək lazer enerjisi yaratmaq qabiliyyəti;
- Kiçik ölçüyə və çəkiyə, eləcə də aşağı enerji istehlakına malik olması;
- Yüksək istismar imkanı, aşağı texniki qulluq və xidmət dövrü xərcləri.