Azərbaycan ilə Latviya arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan ilə Latviya arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Aprelin 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Latviyanın müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. A.Pabriks “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verib.

Müdafiə naziri Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

A.Pabriks iki dövlət arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. Baş nazirinin müavini, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

1 14 2 14 3 11 4 9 5 6 6 6 7 5 8 5 9 3 10 2 11 2 13

Poliqon.az

CATEGORIES
TAGS