Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub – VİDEO
Oktyabrın 6-da Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub. Hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Qazaxıstanın müdafiə naziri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə həmkarını təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib.
General-polkovnik R.Jaksılıkov iki ölkə arasında hərbi əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.
Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təliminin əhəmiyyəti vurğulanıb. Keçirilən birgə taktiki təlimin hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacibliyi qeyd olunub.
Hər iki ölkənin Ordu quruculuğunda qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb.
Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağını, Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrini ziyarət edərək burada ümumilikdə görülən işlərlə tanış olub.