
Azərbaycan ilə Vyetnam arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin Vyetnama işgüzar səfəri davam edir.
Müdafiə Sənaesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində dekabrın 26-da V.Mustafayev Vyetnamın Müdafiə Sənayesi Baş İdarəsinin və “Vittel Group” dövlət şirkətinin rəhbər heyətləri ilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşlərdə tərəflər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları, mövcud sənaye infrastrukturu, kadr hazırlığı məsələləri, texnologiya və təcrübə mübadiləsi, eləcə də birgə istehsal perspektivləri müzakirə olunub.
Görüşlərdə kiçik sərgilər təşkil olunaraq Vyetnam istehsalı olan hərbi və ikili təyinatlı məhsulların təqdimatı keçirilib, onların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə Azərbaycanın nümayəndə heyətinə ətraflı məlumat verilib.
Daha sonra V.Mustafayev Vyetnamın Hərbi Sənaye Kompleksinin əsasını təşkil edən zavodlardan birini ziyarət edib. Nazir müəssisədə mövcud istehsal prosesi, tətbiq olunan müasir texnologiyalar və keyfiyyətə nəzarət mexanizmləri ilə yaxından tanış olub.
Səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan ilə Vyetnam arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına, qarşılıqlı faydalı layihələrin reallaşdırılmasına və strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsinə töhfə verəcəyi vurğulanıb.




