
Azərbaycan MiG-29 əsas döyüş təyyarələrini modernləşdirir
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) MiG-29 əsas döyüş təyyarələri Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan Lvov aviasiya təmiri zavodu tərəfindən əsaslı təmir və modernizasiya edilir.
“Poliqon” xəbər verir ki, Azərbaycan HHQ-nin təmir və modernizə edilən MiG-29 əsas döyüş təyyarələrinin Lvov aviasiya təmiri zavodunda görüntüləri yayılıb.
Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin, onun tərkibinə daxil olan müəssisələrin yüksək səviyyəli rəhbərlərinin iştirakı ilə Lvovda keçirilən iclasında Azərbaycan HHQ-ə məxsus ən az 3 ədəd MiG-29 döyüş təyyarəsi nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan 2011-ci ilə qədər Ukraynadan 16 ədəd MİQ-29 döyüş təyyarəsi alıb. MİQ-29 təyyarələri bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edir.
Məlumat üçün bildirək ki, MiQ-29 döyüş təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. MiQ-29 təyyarəsi iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. MiQ-29-ların istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli “hava-səth” tipli silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib.
Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MiQ-29 döyüş təyyarəsi 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.
Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub. Bunlardan ən müasiri MiQ-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaq doldurma imkanlarına sahibdir.
Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi hesab edilir. Belə ki, bu döyüş təyyarəsi indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olub.