
Azərbaycan nümayəndə heyəti TUSAŞ şirkətini ziyarət edib
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin TUSAŞ şirkətini ziyarət edib.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkəti məlumat yayıb.
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu V.Mustafayevin səfəri münasibətilə bildirib ki, Azərbaycanla eyni vizyonu, qətiyyəti və məqsədləri paylaşdıqlarını görmək onlar üçün böyük əhəmiyyət kəsb edir.
“Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının, müdafiə sənayesindəki güclü əməkdaşlıqlarla daha da inkişaf edəcəyinə ürəkdən inanıram”, – deyə baş direktor vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində nazir Vüqar Mustafayevə TUSAŞ-ın göstərdiyi xidmətlər və istehsal etdiyi məhsullar haqqında məlumat verilib. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti TUSAŞ istehsalı olan HÜRKUŞ təyyarəsi ilə yaxından maraqlanıb.





