Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb – YENİLƏNİB

Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb – YENİLƏNİB

Mayın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirib.

Zəfər parkına gələn Türkiyənin milli müdafiə naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri həmkarını salamlayıb və onu bir daha ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafını müsbət qiymətləndirib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Y.Güler göstərilən səmimiyyətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq hərbi əlaqələrimizin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin və bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycanda təmaslarını davam etdirən milli müdafiə naziri Yaşar Gülər ​​Azərbaycan Müdafiə Nazirliyində olub.

Hərbi mərasimlə qarşılanan nazir Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüş keçirib”, – deyə məlumatda bildirilib.

CATEGORIES
TAGS