Xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu erməni silahlı dəstələrinin snayper atəşi nəticəsində şəhid olub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

Minskdə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Azərbaycanın qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir.

Poliqon.az

Back to top button