Xəbərlər

“Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat” təqdim edilib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının, Təhlükəsizlik Şurasının, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, beyin mərkəzlərinin və media nümayəndələri, eləcə də Milli Məclisin deputatları iştirak ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən hazırlanan hesabatın təqdimatında çıxış edənlər Azərbaycan Ordusunun hərbi qulluqçularının müxtəlif beynəlxalq missiyalarda yüksək peşəkarlıq, intizam və məsuliyyət nümayiş etdirərək ölkəmizi layiqincə təmsil etməsi tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Qeyd edilib ki, bu fəaliyyət təkcə beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsi deyil, eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun və əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verib.

Tədbirdə o da vurğulanıb ki, qazanılan bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və modernizasiya sahəsində aparılan islahatların məntiqi nəticəsidir.

Dövlətimiz tərəfindən atılan bu addımlar gələcək çağırışlara hazır olmaq üçün sülhməramlı bölmələrimizin imkan və qabiliyyətlərinin inkişaf etdirilməsini də əhatə edir.

Back to top button