
Bu gün Azərbaycanın müstəqillik tarixində Silahlı Qüvvələrinin yenidən yaranmasından 24 il ötür.
“AzeriDefence”nin məlumatına görə, 1991-ci il oktyabr ayının 9-da Azərbaycan Ali Soveti ordunun yaradılması barədə qərar qəbul edib. bununla bərabər olaraq, həmin gündən keçmiş Sovet Ordusunun Bakı şəhərinin Şıx qəsəbəsində yerləşən hərbi hissəsinin bazasında, briqada sistemi nəzərə alınmaqla Azərbaycan Silahlı Qüvvələrinin 18110 saylı ilk hərbi hissəsinin yaradılmasına başlanıb.
İlk hərbi hissənin birinci taboru 70 faizi könüllülərdən ibarət olmaqla formalaşdırılıb. İlk hərbi hissənin komandiri o dövrdə Bakı Dövllət Universitetinin kafedra rəisi işləyən polkovnik Zadir Rzayev, ilk taborun komandiri isə mayor Nurəddin Abdullayev təyin edilib.
Birinci briqadanın ilk taborunun şəxsi heyəti dekabr ayının 8-də Şəhidlər Xiyabanında Hərbi Andı qəbul etdikdən sonra, dekabrın 11-dən Qarabağa – Ağdam, Goranboy, Şuşa və Laçın rayonlarının müdafiəsinə ezam olunub.
Azərbaycan Silahlı Qüvvələrinin birinci biriqadası Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli rayonlarında gedən qanlı döyüşlərdə aktiv iştirak edərək, yüzlərlə şəhid və yaralı verib.




















