Azərbaycan Su-25-lərinə Türkiyə istehsalı bir sıra döyüş sursatlarının inteqrasiyası planlaşdırılıb

Azərbaycan Su-25-lərinə Türkiyə istehsalı bir sıra döyüş sursatlarının inteqrasiyası planlaşdırılıb

Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-25 döyüş təyyarəsinə KGK qanadlı tuşlama dəstinin inteqrasiyası ilə bağlı işlər Türkiyənin TÜBİTAK SAGE mərkəzi və TUSAŞ şirkəti tərəfindən bigə aparılıb.

“Poliqon” xəbər verir ki, bunu “MaviVatan” nəşrinə müsahibəsi zamanı TÜBİTAK SAGE mərkəzinin direktoru Gürcan Okumuş söyləyib.

O bildirib ki, həm qanadlı raketlərin, həm də tuşlama dəstlərinin müxtəlif platformalara inteqrasiyası üzrə işlər aparılır: “Su-25 də bu platformalardan biridir. Su-25-lərə KGK inteqrasiyasına dair çalışmalar TUSAŞ ilə birgə həyata keçirilir. TÜBİTAK SAGE olaraq, sursat inteqrasiyası üçün atəşi idarəetmə həlləri də hazırlamaqda və istifadəyə verməkdəyik”.

G.Okumuşun sözlərinə görə, Su-25 layihəsi çərçivəsində digər döyüş sursatlarının inteqrasiyasına dair işlər də planlaşdırılmış vəziyyətdədir.

“TUSAŞ-ın baş podratçılığında həyata keçirilən Su-25 modernizasiyası layihəsində yerli sursatların inteqrasiyası işi TÜBİTAK SAGE tərəfindən yerinə yetirilir”, – deyə TÜBİTAK SAGE mərkəzinin direktoru vurğulayıb.

Qeyd edək ki, ötən ay Türkiyədə keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin Su-25 hücum təyyarəsinə KGK qanadlı tuşlama dəstinin inteqrasiya edildiyi görüldü. Təlim zamanı Azərbaycan HHQ-nin Su-25 təyyarəsi KGK qanadlı tuşlama dəsti ilə təchiz olunan aviasiya bombası ilə sınaq atışı həyata keçirdi və hədəfi 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv etdi.

KGK qanadlı tuşlama dəsti (Kanatlı Güdüm Kiti) Türkiyənin TÜBİTAK SAGE mərkəzi və “Kale Grubu” şirkəti tərəfindən 227 kiloqramlıq Mk-82 və 453 kiloqramlıq Mk-83 ümumi təyinatlı aviasiya bombalarının yerdəki hədəfləri dəqiqliklə vura bilməsi üçün hazırlanıb.

Bununla da KGK-82 və KGK-83 kimi adlandırılan mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km-dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb.

Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda maksimum 110 km və aşağı hündürlükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Onun hədəfi məhvetmə dəqiqliyi yüksək və INS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır.

Poliqon.az

CATEGORIES
TAGS