
Azərbaycan Ukraynadan 10 ədəd yeni hərbi nəqliyyat təyyarəsi alacaq.
“AzəriDefence”nin xarici mediaya istinadən verdiyi məlumat görə, Azərbaycanın “Silk Way” aviaşirkəti ilə Ukraynanın “Antonov” dövlət müəssisəsi arasında 10 ədəd “An-178” tipli orta tutumlu hərbi nəqliyyat təyyarəsinin alınması barədə müqavilə imzalanıb.
Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırma müddəti və müqavilənin detalları hələ məlum deyil.
Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “An-178” təyyarəsinin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda “An-12” təyyarəsini əvəz etmək üçün hazırlanıb.
Bu model İtaliyanın “Alenia” şirkətinin C-27J, ABŞ-ın “Lockheed Martin” şirkətinin C-130, Braziliyanın “Embraer” şirkətinin KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.



