Azərbaycan və Pakistan şirkətləri hərbi texnikaların təmiri və modernləşdirilməsini müzakirə edib
2024-cü il 24-26 sentyabr tarixlərində Bakı şəhərində baş tutmuş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistan Müdafiə Nazirliyinə bağlı “Heavy Industries Taxila” (HIT) şirkətinin rəhbərliyinin təşəbbüsü ilə “Ground Technical Support” (GTS) şirkəti ilə işgüzar görüş keçirilib.
GTS şirkətindən “Poliqon”a verilən məlumata görə, görüşdə HIT şirkətinin idarə heyətinin sədri general-leytenant Şakir Ullah Xattar müəssisənin fəaliyyəti, onun Pakistan Ordusundakı rolu, həmçinin istehsal etdikləri məhsullar və perspektiv əməkdaşlıq sahələri barədə məlumat verib.
Eyni zamanda, GTS şirkətinin direktoru Emin Mahmudov şirkətin fəaliyyət sahələri, həyata keçirdiyi layihələr, hərbi texnikaların təmiri və modernləşdirilməsi üzrə imkanları haqqında ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Sonra hər iki şirkətin rəhbərliyi gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Görüş ərzində general-leytenant Şakir Ullah Xattar GTS rəhbərliyini 19-22.11.2024-cü il tarixində Kəraçi şəhərində keçiriləcək IDEAS-2024 Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək, habelə həmin müddətdə HIT istehsal gücü ilə tanış olmaq üçün Pakistana dəvət edib. Bu dəvət GTS rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.
Bundan başqa, görüşün növbəti günü HIT şirkətinin nümayəndə heyəti güc və imkanlarla tanış olmaq məqsədi ilə GTS şirkətinin istehsalat müəssisəsini ziyarət edib, şahidi olduqları mövcud vəziyyətdən çox məmnun qalıblar.