Azərbaycan və Türkiyə arasında hərbi-təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Mayın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir qardaş ölkə ilə digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Yenidən Azərbaycana səfər etməsindən razılıq ifadə edən professor E.Afyoncu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Türkiyə-Azərbaycan arasında digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra türkiyəli nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.
Görüşdə Türkiyə Milli Müdafiə Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycan Ordusunda peşəkar kadr heyətinin formalaşmasına müsbət təsir etdiyi qeyd edilib və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.