
Azərbaycanda “Otokar”ın COBRA II maşınlarının müxtəlif konfiqurasiyaları xidmət göstərir
“Biz Azərbaycanı ixrac bazarı kimi görmürük, oraya öz vətənimiz, öz Silahlı Qüvvələrimiz kimi yanaşırıq”.
Bu sözləri “Otokar” şirkətinin baş direktorunun müavini Sedef Vehbi “Poliqon” jurnalına müsahibəsində deyib.
Sedef Vehbi bildirib ki, Azərbaycanda “Otokar” şirkətinin yalnız COBRA II nəqliyyat vasitələri deyil, digər fərqli maşınları da var: “Uzun illərdir Azərbaycanda xidmət göstəririk. Xüsusilə Dövlət Sərhəd Xidməti ölkədə bizim ilk istifadəçimizdir. Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi də texnikalarımızın istifadəçiləri arasındadır. İndi isə COBRA II texnikalarımızla müxtəlif konfiqurasiyalarda xidmət göstərməyə başladıq. Bildiyiniz kimi, ambulans variantı da bunlardan biridir.
Həmçinin izlədiyimiz layihələr də var. Dediyimiz kimi, Azərbaycan bizim sadəcə ixracat etdiyimiz ölkələrdən biri deyil. Orada öz Vətənimiz kimi işləyirik. Azərbaycanda yalnız texnika satmaq deyil, həm də ölkənin müdafiə sənayesinin inkişafına töhfə vermək, yerli istehsal imkanlarını artırmaq və bütün qüvvələrə maşınlarımızla xidmət göstərmək istəyirik”.