
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC – China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub.
Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.
Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.









