
Ordumuzda yenilikAzərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Uralvaqonzavod” Konsernindən (UVZ) İMR-3M mühəndis istehkam maşınları alır. Bu barədə “AzeriDefence”yə UVZ-dən məlumat verilib.
İlk olaraq Azərbaycana 3 ədəd İMR-3M maşını göndəriləcək. Artıq maşınlar Azərbaycana yola salınmaya hazırdır.
Maşın T-90 tankının şassisi üzərində yerləşir.
“Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri bizim müəssisədə oldular və texnikaları yerində yoxladılar”, – deyə UVZ nümayəndəsi bildirib.
Azərbaycan UVZ-dən ümumilikdə 6 ədəd İMR-3M maşını alacaq.
UVZ rəsmilərinin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın sifariş verdiyi T-90S tanklarının 30 maşından ibarət növbəti partiyası və TOS-1A “Solntsepyok” ağır odsaçanlarının 6 maşından ibarət ikinci partiyasının Bakıya yola salınması planlaşdırılır. Azərbaycan UVZ-dən ümumilikdə 18 ədəd TOS-1A maşını alacaq.
Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tanklarının çatdırılması prosesi isə 2015-ci ilin sonunadək tam yekunlaşdırılacaq. Buna paralel olaraq T-90SM tankları ilə bağlı da müzakirələr aparılır.
Şirkət nümayəndələri artıq 2012-ci ildə imzalanmış müqavilə üzrə 18 ədəd “Msta-S” özüyeriyən haubitsaların Azərbaycana təhvil verildiyini bildiriblər.
“Digər sifarişlərimiz də var. Onlar qrafik üzrə icra olunur”, – deyə məlumatda bildirilib.




