AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin direktoru Şahmar Hacıyahyayev və agentliyin digər əməkdaşları ilə görüşüb.
Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşün əsas məqsədi AzTU ilə İRİA arasında kibertəhlükəsizlik ekosisteminin inkişafı üçün yeni əməkdaşlıq sahələrinin və formalarının müəyyənləşdirilməsi olub.
Universitet-sənaye işbirliyinin inkişafının önəmindən danışan rektor Vilayət Vəliyev bildirib ki, AzTU ilə İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) yeni əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyəti təqdirəlayiq hesab olunur və tələbələrin müvafiq sahədə bacarıqlarının təkmilləşməsinə töhfə verəcək.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində ilkin olaraq kibertəhlükəsizlik sahəsində yaranmış peşəkar kadr çatışmazlığını aradan qaldırmaq üçün AzTU və AKM arasında birgə yol xəritəsi hazırlanacaq.
Bundan başqa, AKM əməkdaşlarının AzTU-nun müəllim və tələbələrinə kibertəhlükəsizlik sahəsi üzrə təlim verməsi, bu istiqamətdə yeni startapların yaradılmasını təşviq etmək məqsədilə kiber klubların yaradılması kimi məsələlər də müzakirə olunub.