AzTU ilə MSN-in birlik və müəssisələri arasında sıx əməkdaşlıq mövcuddur
Azərbaycan Texniki Universiteti (AzTU) və “SmartNation” platformasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin Zəkası” və “Yanındayıq” layihələrinin tanıtım tədbiri keçirilib.
Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçılarını salamlayan rektor Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə danışıb.
Daha sonra Müdafiə Sənayesi Nazirliyi Aparatının şöbə müdiri Məmmədsaleh Əliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov çıxış ediblər. Qeyd olunub ki, belə layihələr gənclərin inkişafı, onların əmək bazarının tələblərinə uyğun kadr kimi hazırlanması istiqamətində mühüm əhəmiyyətə malikdir.
Ardınca “Gələcəyin Zəkası” layihəsinin meneceri Günel Qurbanova və “Yanındayıq” mentorluq proqramının layihə meneceri Günel Alızadə layihə müddətində görülən işlərlə bağlı hesabat veriblər.
Tədbir moderator Şəbnəm Məmmədova, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Gələcək üçün Bacarıqlar” layihəsinin meneceri Ziniddin Babayev, Prosol QSC-nin direktoru Babək Ağayev və “Gələcəyin Zəkası” layihəsinin iştirakçısı tələbə Murad Məmmədovun iştirakı ilə “Gələcəyin mütəxəssislərinin yetişdirilməsində universitet-sənaye işbirliyinin və ekosistemin rolu” adlı panel müzakirə ilə davam edib.
Qeyd edək ki, “Gələcəyin zəkası” və “Yanındayıq” layihələrinin əsas məqsədi real sənaye əsaslı qruplar yaratmaq, universitet-sənaye işbirliyini qurmaq və əmək bazarına xüsusi seçilmiş istiqamətlər üzrə mentor dəstəyi ilə mütəxəssis yetişdirməkdir.