“BAE Systems” və “KOVAL Systems” şirkətləri CV90 PDM-lərinin istehsalına dair müqavilə imzalayıb
Slovakiyanın “KOVAL Systems” şirkəti Böyük Britaniyanın “BAE Systems” şirkəti tərəfindən bu ölkənin Silahlı Qüvvələrinə tədarük olunacaq CV90MkIV piyada döyüş maşınlarının (PDM) istehsalında subpodratçı kimi iştirak edəcək.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bununla bağlı iki şirkət arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “KOVAL Systems” şirkəti “BAE Systems”in İsveçdə fəaliyyət göstərən törəmə şirkəti “BAE Systems Hägglunds” ilə birgə çalışacaq və CV90 PDM-lərinin bütün qüllərinin yığılmasını həyata keçirəcək.
Bundan başqa “KOVAL Systems”, “BAE Systems” ilə birlikdə CV90-lar üçün “Belusa” müəssisəsində təxminən 80 müxtəlif detalın istehsalını da yerinə yetirəcək.
Qeyd edək ki, “BAE Systems” və Slovakiyanın Müdafiə Nazirliyi arasında 1.37 milyard ABŞ dolları dəyərində 152 ədəd CV90 PDM-inin alqı-satqısını nəzərdə tutan müqavilə ötən ilin dekabr ayında imzalanıb.